Şəhid Əyyub Süleymanovun xatirəsi yad edilib
09 aprel 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Süleymanov Əyyub Rasim oğlunun doğum günü münasibətilə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları və şəhidin məzunu olduğu İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə şəhidin məzarı önünə qərənfillər düzmüş, onun əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibə rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiq qeyd etmişdir ki, Vətən müharibəsində Cəbrayıl rayon sakinləri də fəal iştirak etmiş, 23 nəfər cəbrayıllı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. F.İbayeva müharibədə iştirak edərək qəhrəmanlıq göstərən şəhid Süleymanov Əyyub Rasim oğlunun keçdiyi döyüş yolu, göstərdiyi şücaətdən danışaraq tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirmiş, Əyyub kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdləri şerlər səsləndirmişlər.