6 saylı Cəbrayıl qəsəbəsində növbəti səyyar görüş-qəbul keçirilib
Səyyar qəbul qrafikinə əsasən, rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 06 dekabr 2022-ci ildə 6 saylı Cəbrayıl qəsəbəsində keçirilib. Qəbulda RİH-nin məsul əməkdaşları, rayonun xidmət təşkilatları iştirak ediblər.
Görüşdə çıxış edən İcra Başçısı Kamal Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Vətəndaşlarımızı narahat edən ən kiçik müraciət, problem belə diqqətdən kənarda qalmır. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər bundan sonra da davamlı olacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərin fikirlərini dinlədikdən sonra hər bir təklif və şikayətlə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Sakinlər daim diqqət və qayğı ilə əhatə olunduqları üçün ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.