Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri - böyük zəfərin başlanğıcıdır

02 aprel 2021 | 16:00

   2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Nəticədə 2 dinc sakin həlak olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. Sürətli əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur. Aprel döyüşləri nəticəsində     Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini azad etmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.
   Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.
   2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli     "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
   Döyüşlər zamanı Cəbrayıl rayonu 2 şəhid verib. Şəhidlərimiz Qəhrəmanov Ruhin Əşrəf oğlu,  İbrahimov Mahmud Azər oğlunun əziz xatirəsini hər zaman hörmət və qürur hissi ilə anırıq!
   Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı.
   Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan    Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni ikinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli      Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Qürurverici hal ondan ibarətdir ki, Böyük Qələbəni cəmi 44 gündə qazanaraq, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Şanlı Ordumuzun Vətən müharibəsində tətbiq etdiyi ən müasir döyüş taktikası və mühüm yeniliklər dünyanın qabaqcıl orduları tərəfindən dərindən öyrənilir və təqdir olunur.
   Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandana və Rəşadətli Azərbaycan Ordusuna eşq olsun!

 

Keçidlər