Şəhidlərimizin xatirəsi yad edilib
15 mart 2021 | 16:00
12-13 mart 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cəbrayıl rayonunun Alıkeyxalı, Daşkəsən və Məzrə kəndlərindən olan Rüstəmov Vüsal Valeh oğlu, Hüseynov Elxan Maarif oğlu və Xəlilov Ruhin Müzəffər oğlunun doğum günləri münasibətilə Sulutəpə qəsəbəsindəki şəhidlər xiyabanında, Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında, II Fəxri Xiyabanda anım tədbirləri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında, II Fəxri Xiyabanda Milli Məclisin üzvü Ceyhun Məmmədov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev və 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında isə rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva çıxış edərək bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün davam edən müharibə rəşadətli Ordumuzun qələbəsi ilə başa çatmışdır. Natiqlər qeyd etmişlər ki, Vətən müharibəsində Cəbrayıl rayon sakinləri də fəal iştirak etmiş, 23 nəfər cəbrayıllı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Tədbirdə müharibədə iştirak edərək qəhrəmanlıq göstərən şəhidlərimizin döyüş yolu barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Şəhidlərin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmiş natiqlər, məhz bu övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışlar.
Şəhidlərin valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin şagirdləri şerlər səsləndirmişlər.
Sulutəpə qəsəbəsindəki şəhidlər xiyabanında tədbir isə Rüstəmov Vüsal Valeh oğlunun adının əbədiləşdirilməsi üçün yaşadığı evin qarşısında inşa olunan "Xatirə bulaq kompleksinin" açılış mərasimi ilə başa çatmışdır.