Yaşasaydı 34 yaşı olardı
Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri olan Xəlilov Ruhin Müzəffər oğlunun mart ayının 13-ü doğum günüdür. O, 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. İlk təhsilini Səbail rayon 203 saylı orta məktəbdə almışdır. Abşeron rayon 1 saylı tam orta məktəbini bitirdikdən sonra 2005- 2009-cü illərdə “Asiya” Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. Ruhin Xəlilov Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışırdı. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı idi.
İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edir və qısa bir zamanda cəbhəyə yollanır. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Ailəli idi, üç övladı var. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda “ və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Eyni zamanda, Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!