Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 28 yaşı olardı

11 mart 2021 | 16:00

Mart ayının 12-si 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan biri  olan Rüstəmov Vüsal Valeh oğlunun doğum günüdür. O, 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır. Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən məzarlıqda dəfn olunmuşdur. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə gizir Rüstəmov Vüsal Valeh oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər