Yaşasaydı 21 yaşı olardı
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman Vətən övladlarından biri Hüseynov Elxan Maarif oğlunun mart ayının 12-si doğum günüdür. O, 12 mart 2000-ci ildə Qaradağ rayonunda anadan olub. Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elxan ilk təhsilini Xanış Rüstəmov adına Böyük Mərcanlı kənd tam orta məktəbdə almış, 2015-ci ildə həmin məktəbin IX sinfini bitirərək ümumi orta təhsil almışdır. 2018-2019-cu illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda müddətli hərbi xidmətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında böyük rəşadət göstərmişdir. Kəşfiyyatçı idi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Laçın istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur.
Qəhrəman şəhidimiz Şuşa istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən yaralanır. Xəstəxanaya aparılarkən təcili tibbi yardım maşını minaya düşür və möcüzə nəticəsində həyatda qalır. Bir aydan çox komada olan Elxanı həkimlərin səyinə baxmayaraq həyata qaytarmaq mümkün olmur. 13 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbə qəbiristanlığının “Şəhidlər məzarlığında” dəfn edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Elxan Maarif oğlu ölümündən sonra “Vətən uğrunda", Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik.