Şriftin ölçüsü :

Saytın rəngi :

Yel çərşənbəniz mübarək

09 mart 2021 | 16:00

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Yel, külək, nəfəs bir ünsür olaraq gözə görünməyən mücərrəd varlıqdır. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.
Yazın gəlişini tezləşdirmək üçün Yel babanı nəğmə ilə çağırardılar:

             A Yel baba, Yel baba,
                  Tez gəl, baba, gəl, baba.
                  Sovur bizim xırmanı,
                  Atına ver samanı.

             Dən dağılıb dağ olsun,
                 Yel babamız sağ olsun.
                  A Yel baba, Yel baba,
                  Qurban sənə, gəl baba.

Qədim inanca görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmazdı. “Sovurulmamış buğda götürənin oğlu ölər, xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar”, deyərdilər.
Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Çərşənbə gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetəcək. Yel çərşənbəsinin ayinlərindən biri də həmin gün həyətlərdə yelləncəklərin qurulması və oğul-uşağın, qız-gəlinin yelləncəklərdə yellənməsidir.
Deyilənə görə, Yel çərşənbəsi əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir. İnanca görə, Yel çərşənbəsində hava təmizlənir. Dörd ilahi başlanğıcdan üçüncüsü olan Yel babanın şərəfinə xüsusi mərasimlər keçirilir, ayinlər icra olunur. Əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin, havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.
Qədim inanclarda Yel dağının da adı keçir. İnsanlar ürəklərində hər hansı bir dilək tutub o dağı ziyarət edir, nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.
Maraqlıdır ki, "Yel baba" ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş edir. Ola bilsin ki, ilkin inanclarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə sayılırdı. Yəqin elə buna görədir ki, Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsü olaraq sonuncu torpaq çərşənbəsi ilə bayram axşamı - Novruz günü arasında bir növ bağlılıq, təbiəti yekun oyanışa hazırlayan çərşənbə hesab edilir.
Ruhumuzun, nəfəsimizin, ab-havamızın yenilənməsi, təmizlənməsi, arınıb-durulması bayramı olan Yel çərşənbəniz mübarək olsun!
 

Keçidlər