Şriftin ölçüsü :

Saytın rəngi :

CƏBRAYIL RAYON SAKİNLƏRİNİN NƏZƏRİNƏ!

05 mart 2021 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz ölkəmizin 30 ilə yaxın işğal altında qalan ərazilərini düşmən tapdağından azad etdi. Bu ərazilərin bərpası və hərtərəfli inkişafı indi dövlətimizin və cəmiyyətimizin əsas vəzifələrindəndir. Bərpa və yenidənqurma prosesinin əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Qayıdışın səmərəli şəkildə təşkil olunması üçün məcburi köçkünlərin istək, niyyət və təkliflərini öyrənmək olduqca vacibdir. Bu məqsədlə dövlət başçısının Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı” nəzdindəki İdarələrarası Mərkəzin “Akademik və Təhsil məsələləri üzrə İşçi Qrupu” yerli və xarici mütəxəssisləri cəlb etməklə sistemli araşdırmalar aparır. Həmin araşdırmalardan biri də ADA Universitetində aparılan “Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” adlı tədqiqat işidir.
   Bu tədqiqat çərçivəsində bir neçə sosioloji sorğu keçirilir. Onların birincisi internet üzərindən keçirilən onlayn sorğudur. Bu sorğu dövlət sifarişi əsasında, müstəqil qrup kimi fəaliyyət göstərən və bir neçə elmi-tədqiqat və təhsil müəssisəsinin mütəxəssislərindən ibarət olan alimlər tərəfindən keçirilir. Sorğu iştirakçılarının şəxsi məlumatlarının və verdikləri cavabların məxfi qalacağına tam zəmanət verilir. Sorğuda iştirak etmək üçün https://sorgu.ada.edu.az ünvanına daxil olmaq lazımdır.
   Bütün sakinlərimizi bu sorğuda fəal iştirak etməyə, suallara səmimi cavab verməyə çağırırıq. Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaqdır.

Keçidlər