Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

25 fevral 2021 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə də  ağacəkmə aksiyası təşkil olunmuşdur.
Aksiya zamanı Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələri birləşdirən yol kənarlarında, Heydər Əliyev adına Mədəniyət və İstirahət Parkında, “Şəhidlər” Abidə Kompleksinin ətrafında  Xocalı soyqırımı  qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 şəhidin hər birinin xatirəsinə bir ağac əkilib. Aksiya iştrakçıları əkilən ağacların böyüyüb yaşıllaşdıqca şəhidlərimizin ruhunun şad olacağına əminliyini ifadə etmişlər.
Məlum olduğu kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin  beynəlxalq hüququn normalarına zidd olaraq azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım aktında 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti 1994-cü ilin fevralında  Azərbaycan  xalqının Ümummilli lideri Heydər Əliyev verib. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
2020-ci ilin sentyabrın 27-dən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsində  qazanılan Qələbə xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Erməni vandalları tərəfindən dağıdılmış torpaqlarımızda ölkə başçısının rəhbərliyi ilə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, məcburi köçkünlərimizin dədə-baba yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir. Tarixi ədalətin bərpası hər birimizdə qurur doğurur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər