Su çərşənbəniz mübarək
23 fevral 2021 | 16:00
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə bu son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə (təbiət ruhlarına) hörmətsizlik edilməməsi lazım olduğuna inanılar. Çərşənbələr yazın gəlişindən xəbər verir.
Elmi ədəbiyyatda çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsidir. Su çərşənbəsinə Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da deyirlər. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yaradanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, bayatılar, əfsanələr və rəvayətlər var.
Su ilə bağlı inanclarda deyilir:
Süfrəyə su dağılması aydınlıqdır,
Su içən adamı qəfil vurmazlar,
Su içən adamı ilan çalmaz,
Lal axan sudan keçərkən suyum irəlilə deyərlər.
Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:
Su olan yerdə dirilik olar,
Su ehsandır,
Su murdarlıq götürməz,
Suyu çirkləndirənin nəşini yumağa su tapılmaz.
Su çərşənbəniz mübarək olsun!