Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərləri bu məsələyə həssas yanaşmanın təzahürüdür

17 fevral 2021 | 16:00

Vətən müharibəsinin bitməsindən az sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
  Cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına xüsusi diqqət yetirir, quruculuq və abadlıq işlərinə səfərləri zamanı start verir. Bütün şəhər və kəndlərimizin baş planlarının hazırlanması da Cənab Prezidentin bu məsələləri daim diqqətdə saxladığının təzahürüdür. İşğalan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi nəzərdə tutulur. Cənab Prezident “ağıllı kənd” layihəsi üzrə ilk işin Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacağını bildirdi.
Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndində Su Elektrik Stansiyasının (SES) açılışı da səfər zamanı  baş tutdu. Dövlət başçısı qeyd etdi ki, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş - ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir: “Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”.
Azərbaycan  Respublikasının Prezidenti çıxışı zamanı ermənilərin Üçtərəfli Bəyanatdan sonra da torpaqlarımızda dağıntılar törətdiklərini qeyd etdi: “Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın edib, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıdıb”.
Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Bunu diqqətə çatdıran Ali Baş Komandan çıxışına davam edərək dedi: “Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır”. O, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının da olduqca böyük resurslarının olduğunu xatırladaraq bərpaolunan enerji növlərinin bu bölgədə çox böyük potensiala malik  olduğunu qeyd etdi.
Azərbaycan Prezidenti işğaldan azad edilmiş bölgələrin elektrik təchizatının dövlət üçün prioritet olduğunu vurğulayaraq ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün işlərin davam etdiyini söylədi. Dövlət başçısı vurğuladı ki, “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.
Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edərək, Prezident bildirdi  ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Beləliklə, Prezident İlham Əliyevin başçılığı ilə bölgədə yeni proseslərə şahidlik edirik. Artıq 2021-ci il dövlət büdcəsində işğaldan azad olunan ərazilərdə bərpası və yenidənqurma işlərinin aparılması üçün maliyyə təminatı da yaradılıb. İlkin rəqəmlərə görə işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi kimi mühüm vəzifələrin icrası üçün 2,2 milyard manat nəzərdə tutulub.
Azərbaycan Rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

HİDAYƏT SƏFƏRLİ
AYB-nin üzvü, Qabaqcıl Təhsil işçisi 
 

Keçidlər