Yaşasaydı 25 yaşı olardı
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman Bayramlı Tural Ədil oğlunun fevral ayının 10-da doğum günüdür. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən olan Tural 10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. O, təhsilini 2003-2014-cü illərdə Cəbrayıl rayonunun Dağtumas kənd tam orta məktəbində alıb. 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət etməyə başlayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı baş çavuşu olub. T.Bayramlı 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Beyləqan rayon məzarlığında dəfn olunub. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Bayramlı Tural Ədil oğlu ölümündən sonra “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik.