Şriftin ölçüsü :

Saytın rəngi :

XƏZƏRİN KARBOHİDROGEN RESURSLARININ MƏNİMSƏNİLMƏSİNDƏ YENİ SƏHİFƏ

08 fevral 2021 | 16:00
        “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının katrbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması mühüm tarixi hadisədir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı, Anlaşma Memorandumunda “Dostluq” adlanan neft yatağı 1989-cu ildə aşkar olunub. Azərbaycan neftçiləri  tərəfindən kəşf olunan “Kəpəz” yatağı Türkmənistanla ölkəmizin dəniz sərhəddində yerləşir.
            Azərbaycan həmişə Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin bərqərar olmasında maraqlı olub və bu sahədə səylər göstərib.12 avqust 2018-ci il tarixdə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb. Bu sənəd əsasında razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğunu təsdiqləyib. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf edilsə də, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənməsi mümkün olmayıb və ardıcıl danışıqlar aparılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdihəmmədov arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üşün etibarlı zəmin yaradıb. Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində Anlaşma Memorandumu imzalanıb. Yatağın “Dostluq” adlandırılması heç də təsadüfi deyil. Bu, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi-etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Həm də tarixi bir hadisədir. Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz ixrac kəmərlərimizlə daşınacaq. Bu, Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın yeni bir mərhələsidir. Sənəd həm də Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Memorandumun çox böyük beynəlxalq və regional əhəmiyyəti var.
Bu Anlaşma Azərbaycanla Türkmənistan arasında strateji əməkdaşlığın gələcək prespektivindən xəbər verir. Bu həm də hər iki ölkənin dövlət gəlirlərinin və valyuta ehtiyatlarının artmasına səbəb olacaq. Bundan hər iki dost ölkə bəhrələnəcək. Bu, Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətini də artıracaqdır.
Yanvarın 21-də imzalanmış bu Anlaşma eyni soy-kökə malik ölkələr arasında formalaşmış dostluğun, qardaşlığın, birgə əməkdaşlığın və dialoqun bariz nümunəsidir. Bu baxımdan əminliklə deyə bilərik ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, rasionallıq, effektiv qərar qəbuletmə və kordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
 
HİDAYƏT SƏFƏRLİ
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qabaqcıl Təhsil işçisi
 
Keçidlər