Şriftin ölçüsü :

Saytın rəngi :

QARDAŞLIQDAN YOLDAŞLIĞA...

07 fevral 2021 | 16:00

Məlumdur ki, 21.01.2021-ci il tarixində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumu imzalanıb. Bununlada Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar arxada qaldı. Əminik ki, bu kimi mübahisəli məsələlərin aydınlaşdırılması iki dost və qardaş ölkənin gələcəkdə davamlı əməkdaşlığına zəmin yaradacaq. Atılan addımlar və qəbul olunan qərarlar münasibətlərin dostluq və qardaşlıq ruhunda davamına xidmət edəcək. Qurulan əməkdaşlıq əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirilməli və bu yolda Türkiyə-Azərbaycan münasibətləri bir nümunə olmalıdır. Hələ illər öncə Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü zamanı Prezident İlham Əliyev: “...Bu əlaqələrin təməlində xalqlarımızın birliyi, dostluğu, qardaşlığı dayanır”, –deyib və Azərbaycan-Türkmənistan əlaqələrini yüksək qiymətləndirmişdir.

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır. Bu yatağın ölkələrimiz və xalqlarımız üçün birlik simvoluna çeviriləcəyinə əminik. Xəzər ölkələrimiz arasında təbii sərhəd kimi bizi ayıran yox, yaxınlaşdıran mehriban bir dənizə çevrilməlidir. Xalqların gələcəyi naminə edilən bu əməkdaşlıq ölkələrimizin və regionun hələ illər boyu  davamlı inkişafını təmin edəcəyinə inanırıq.

Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana,  buradan da Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanmalıdır.

            Bütün bunların həyata keçirilməsi üçün ilk növbədə siyasi sabitlik təmin olunmalıdır. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkənin beynəlxalq aləmdə rolunun möhkəmlənməsinə gətirib çıxarır. Bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc dövlətlər olsalar da, məhz bu sabitliyə görə xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar.

Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam  müstəqil xarici və daxili siyasət yeridən, özlərini tamamilə təmin edən ölkələrdəndir. Ölkələrimiz beynəlxalq strukturlarda bir-birini fəal dəstəkləyir. Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işlərin aparılması uğurun təminatıdır. Bu səbəbdən əməkdaşlığın davamlılığına xidmət edəcək sazişin imzalanması əlamətdar və tarixi hadisədir.

            Azərbaycan, Türkiyə, Türkmənistan Türk dillər ailəsinə aidd olmaqla yanaşı, hətta eyni qrupa daxildirlər. Yəni milli birliyin simvolu olan dilə nəzər salsaq, bunu aydın görə bilərik. Cənab prezident İlham Əliyevin dediyi kimi “Bu xalqlar bir neçə dəfə bir-birinə qonaq getsələr, tanış olmayan kəlmə qalmaz”. Elə bu tarixi görüşün də ən təsirli və çox istifadə olunan kəlməsi  əsl türk sözü olan “qardaş” kəlməsi olddu. “Baş üstünə, qardaş” -üç sözdən ibarət cümlə, üçü də tərtəmiz türk kəlməsi. Bəli, “qardaş” burada “-daş” eyni deməkdir yəni eyni kökdən, qarından olanlar. Məsələn: eyni yolu gedənlərə yoldaş deyildiyi kimi.

Ümid edirik ki, aparılan düzgün siyasət nəticəsində bütün qardaşlarımız həm də haqq işimizdə yoldaşlarımıza çevriləcək!

 

                 Zaur Vəliyev

      Cəbrayıl rayon 8 saylı tam orta məktəbin

      Azərbaycan dili və ədəbiyyat müəllimi

Keçidlər