Polis işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilmişdir
02 iyul 2013-cü il tarixində Polis işçilərinin peşə bayramı günü münasibətilə Cəbrayıl Rayon Polis şöbəsinin akt zalında tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şöbənin həyətində Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayıl rayon Polis şöbəsinin əməkdaşlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon Polis şöbəsinin rəisi Araz Şahverdiyev açaraq məruzə etdi və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik etdi.
Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayaraq Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmişdir. Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılmış, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.
Tədbirin sonunda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmud Quliyev xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənən şöbənin bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etdi.