Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezident 2021-ci ili “Nizami Gəncəvi İli” elan etdi

14 yanvar 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci il, “Nizami Gəncəvi ili” kimi elan olunub. Dahi mütəfəkkir Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə əvəzsiz töhfələr bəxş etmiş, dünya ədəbiyyatının bir çox nümunələrinə ilham mənbəyi olmuşdur. Nizami yaradıcılığı illər uzunu şərqşünas alimlər tərəfindən tətqiq olunmuş və saysız hesabsız elmi məqalələrin tədqiqat obyektinə çevrilmişdir. Nizami fəlsəfəsini dərk etmək- Şərq mədəniyyətini tədqiq etməyə bərabərdir. Şərq dünyasının dahi mütəfəkkir və filosofu öz əsərlərində əxlaq və etika təbliğ etmiş, həmin əsərlər bu gün də aktuallığını saxlamaqdadır. Yetişməkdə olan gələcək nəslə Nizami elmini tədris etmək, onun əxlaqını təbliğ etmək, fəlsəfəsini aşılamaq hər birimizin borcudur.
Nizaminin poeziyası dünya ədəbiyyatına və onun yaranmaqda olan nümunələrinə əsrlər boyu ilham qaynağı olmuşdur. “Xəmsə” əsərini Dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinə bir dərslik hesab etmək olar. XV-XVI əsrlərdə yaşayıb yaratmış özbək şairi, filosof və dövlət xadimi Əlişir Nəvai yaradıcılığı boyu özünü Nizaminin davamçısı hesab etmiş və onun “Xəmsə” əsəri əsasında öz “Xəmsə”sini yazmışdır.
Nizami Gəncəvi əsərləri orta əsrlər boyu miniatür sənətinə də mövzu olmuşdur. Onun əsərlərinin motivləri əsasında çoxlu sayda miniatürlər dünya miniatür sənətinə bəxş edilmişdir. Nizaminin "Xəmsə"sinə çəkilmiş ən ilkin miniatürlər XV əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. XVI əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoymuşdur. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli olmuşdur.
Dahi şairin dəfn olunduğu məqbərə bu gün də Azərbaycan memarlığının unikal nümunələrindən sayılır. Şairin yaşayıb yaratdığı Qədim Gəncə şəhəri yaxınlığında yerləşən məqbərəsi tarixi memarlıq abidəlrinin monumental nümubələrindən biridir. Bu gün artıq tarixi məskənimiz olan Gəncə şəhərinə yaxınlaşanda Nizami məqbərəsinin uzaqdan görünüşü öz əzəməti ilə seyr edənləri həyəcanlandırır. Məqbərənin ətrafında düzülmüş şairin əsərlərinin tuncdan hazırlanmış heykəlləri diqqəti cəlb edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam bu baxımdan nəinki Azərbaycanda, hətta ölkə hududlarından kənarda Dahi mütəfəkkirin yubiley tədbirinin hazırlanmasında Beynəlxalq mədəni arenada özünəməxsus yer tuttur. Belə ki, yubiley tədbirlərinin keçirilməsi Azərbaycan mədəniyyəti və ədəbiyyatında  hadisəyə çevriləcək. Nizami Gəncəvi epoxasını, onun poeziya və poetikasını nəinki Azərbaycan ədəbiyyatı nümunəsi kimi, hətta bütün Şərq dünyasının ədəbiyyat və mədəniyyət simvolu kimi təqdim edilməsi bizim hər birimizin vətəndaş borcudur. 880 il öncə Bəşəriyyət tarixinə doğulmuş olan bu Dahi mütəfəkkir və filosofu məhz Azərbaycanlı kimi tanıtmaq bizim ən ümdə məsələlərimizdən və bu ilin mühüm mədəniyyət strategiyamızdan olmalıdır.

Keçidlər