Yaşasaydı 24 yaşı olardı
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman Əliyev Ziyadxan İbrahim oğlunun yanvar ayının 12-də doğum günüdür. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə tapşırığı yerini yetirərkən düşmənin snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Kürdəmir rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Ziyadxan İbrahim oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik, nur içində yatın.