Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

11 dekabr 2020 | 16:00

   2003-cü ilin 12 dekabrı Azərbaycan xalqının tarixində hüznlə anılan günlərdən biridir. Həmin gün xalqımız ümummilli liderimiz Heydər Əliyevi itirmişdir. Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və qurucusudur. 1991-ci ildə dövlət müstəqilliyinə qovuşmuş Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Həm siyasi, həm iqtisadi sahədəki problemlər müstəqilliyimiz üçün böyük təhlükə yaradırdı. Ancaq 1993-cü ilin iyununda respublikamız üçün ağır bir məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Odur ki, xalqımız Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu və memarı kimi dəyərləndirir. Heydər Əliyev ən ağır məqamlarda xalqının yanında olmağı bacarırdı. 20 yanvar 1990-cı ildə də, 1993-cü ilin iyununda da belə olmuşdur. Hələ birinci dəfə ölkə rəhbərliyində olanda da Azərbaycanı inkişaf etdirmək, güclü bir respublikaya çevirmək üçün əlindən gələni etmişdir. O, Azərbaycan üçün həmişə öz haqq səsini qaldırırdı. İstər sovetlər dönəmində, istərsə də sonralar Heydər Əliyev əsl lider, əsl öndər idi. Onun birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamız bütün sahəhələrdə sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl respublikalarından birinə çevrilmişdir. Ümummilli liderin həmin illərdə və ikinci dəfə hakimiyyətdə olduğu 10 il-1993-2003-cü illərdə yeritdiyi uzaqgörən siyasət, Azərbaycanın sürətli inkişafı sahəsində həyata keçirdiyi misilsiz tədbirlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə tanınmağa başlamışdır. Heydər Əliyevin hakimiyyəti dövründə görülən işlər müstəqilliyimizin əbədiliyinin təmin olunmasında və Azərbaycanın dünyada öz layiqli yerini tutmasında həlledici rol oynamışdır. Ulu öndərin müstəqillik illərində apardığı və cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar sonrakı dövrlərdə Azərbaycanın daha da inkişafına, iqtisadi gücünün artmasına gətirib çıxarmışdır. Heydər Əliyev xalqımızın və dövlətimizin maraqlarını hər şeydən üstün tutardı. Onun zəhməti ilə qazanılan uğurlarda xalqın ona olan sevgi və inamı böyük rol oynayırdı. 2003-cü ilin dekabrın 12-də Heydər Əliyev vəfat etmişdir. Lakin Heydər Əliyevin ideyaları, siyasəti yaşamış, davam etdirilmişdir. Azərbaycan sonrakı illər ərzində dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi tanınmışdır. Həyata keçirilən böyük layihələr ölkəmizin inkişafına təkan vermişdir. İndi Azərbaycan hərtərəfli inkişaf etməkdə olan ölkələr sırasındadır. Bu inkişafın təməli isə Ulu öndər tərəfindən qoyulmuşdur. Onun siyasəti davam etdirilməklə Azərbaycan tam müstəqil, suveren, inkişaf etməkdə olan dövlətə çevrilmişdir. Hər il dekabrın 12-də xalqımız ümummilli lideri böyük sevgi ilə anır, onu yad edir. Heydər Əliyev öz müdrikliyi, gördüyü misilsiz işlər və əvəzsiz xidmətləri ilə qazanmışdır Azərbaycan xalqının bu sevgisini. Onun uyuduğu məzarlıq, ziyarətgaha çevrilmişdir. Xalqımız hər il məhz həmin gün bu ziyarətgaha, respublikamızın müxtəlif yerlərində ucaldılmış abidələrinin önünə gələrək Ulu öndərin xatirəsini yad etməyi özünə mənəvi borc bilir.

Keçidlər