Cəbrayıllıların Zəfər sevinci
Elimizin-obamızın qələbə xəbərli, zəfər soraqlı günü gəldi. Uzun illərdir ki, kədər yağan çöhrələrimizə, nəhayət ki, sevinc qondu. Dədə-baba yurd yerlərimizdəki nigaran ruhlar şad oldu. Gecəyarısı gələn şad xəbər qapıları “döydü”: “Ermənistan təslim oldu”. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı...Şuşa... Bir-birinin ardınca gələn qələbələrimizin məntiqi sonluğu -10 noyabr 2020-ci il - Qələbə günü. Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı bu gün. Xalqımızın 30 ildən bəri intizarla gözlədiyi şad xəbərin müjdəsini verdi Ali Baş Komandan. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzunmüddətli, ardıcıl həyata keçirdiyi məqsədyönlü işlərin, xüsusilə ordu quruculuğu sahəsində gördüyü tədbirlərin bəhrəsi olaraq Azərbaycanın müzəffər ordusu canı, qanı hesabına şanlı tarix yazdı. 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandanımızın qətiyyətini, xalqımızın bir yumruq kimi birliyini, şanlı Ordumuzun şücaətini dünyaya nümayiş etdirdi. Dünya bu birlik, vəhdət qarşısında heyrətini gizlədə bilmədi, dostlarımız sevindi, düşmənlərimiz xar oldu.
Qələbə müjdəsini biz cəbrayıllılar sevincqarışıq göz yaşları ilə qarşıladıq. Cocuq Mərcanlıdan başladı bu Böyük Qayıdış. Davamı gəldi... Həmin anlarda keçirdiyimiz hissləri sözlə ifadə etmək olduqca çətindir. Uzun illər çadırlarda, vaqonlarda, yarımçıq binalarda, yataqxanalarda yaşamış insanların hər an gözlədiyi bir xəbər idi bu. Hər cür çətinliyə dözərək dövlətinin və dövlətçiliyinin yanında olan məcburi köçkünlərin yurda qayıdışına işıq tuturdu bu xəbər. Hər bir cəbrayıllının gözlərindən, baxışlarından minnətdarlıq və məmnunluq oxunur: “Bu gözəl və unudulmaz anları bizlərə yaşatdığınız üçün çox sağ olun, cənab Ali Baş Komandan! Bizləri dünyanın ən qürurlu və mübariz xalqı olaraq tanıtdığınıza görə Sizə və komandanlıq etdiyiniz şanlı Ordumuza minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik! Qarabağ Azərbaycandır!”.
Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti ilə işğaldan azad olunmuş torpaqlarımızdan təqdim olunan kadrlarda erməni vəhşiliklərinin şahidi oluruq. Doğma Cəbrayılımızın hər bir qarışında dağıntı və vandalizmin izləri ilə üz-üzə qalırıq. Cəbrayılımızın simvolu olan Xan Çinarımızın yerində pöhrə verən körpə çinarın boynubükük görkəmi, bağ və meşələrimizin məhv edilməsi, kəhrizlərimizin quruması hər birimizi məyus edir. Amma o torpaqları biz yenə də dünyanın ən gözəl cənnət məkanlarından birinə çevirəcəyik. Ürəyimiz o viran qalmış torpaqla döyünür. O müqəddəs torpağa, daşa şükür. Bizləri o torpaqlara qovuşduran günə şükür!