5 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib
Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu 14 avqust 2025-ci il tarixdə 5 saylı Cəbrayıl qəsəbəsində keçirib. Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və qəsəbədə məskunlaşan rayon sakinləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Rayonda keçirilən istər səyyar qəbullarda, istər də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur.
Qəbul zamanı şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının və bu kimi həssas kateqoriyadan olan şəxslərin müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
Qəbulda iştirak edən qəsəbə sakinləri müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






