Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2023 | 11:09
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir.
    Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
    Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar müəllim nüfuzunu daha da yüksəldib.
    Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışlarında iştirak edib.
Artıq üçüncü ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. İşğaldan azad edilmiş ərazilərimizdə məktəblər fəaliyyətə başlayıb.
    Xatırladaq ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib. 
Cəbrayıl rayonunun 41 ümumtəhsil, 1 məktəbdənkənar və 13 məktəbəqədər təhsil müəssisəsində  1600-ə yaxın müəllim çalışır. Onlar da bu günü 100-dən çox ölkənin təhsil işçiləri ilə birlikdə qeyd edirlər. Biz də bu bayramın sevincini onlarla bir hiss edərək Əziz Müəllimlərimizə “Bayramınız mübarək olsun!” deyirik. 
 
 
    Cəbrayıl Rayon İcra Hakimiyyəti 

 

Keçidlər