Arzularım çin oldu...
04 oktyabr 2020-ci il. 1993-cü ilin 23 avqustundan başlanan və 27 ildən artıq davam edən yurd həsrətimizin bitdiyi möhtəşəm bir gün. Cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin Cəbrayıl şəhərinin və bir neçə kəndimizin işğaldan azad olunması xəbərini bütün cəbrayıllılar kimi mən də böyük sevinc və sözlə ifadə edə bilməyəcəyim coşqu ilə qarşıladım. Uşaqlığımın və gəncliyimin qaldığı, yuxularımı illərdir ərşə çəkən yurd yerlərimə qovuşmaq müjdəsiydi bu xəbər. Bu xəbər sevincqarışıq göz yaşları ilə yoğrulan, təsəvvürə gətirilməsi mümkünsüz olan doğma, əziz bir hiss idi. Bu yalnız biz cəbrayıllıların deyil, bu gün bir yumruq, bir qəlb olan xalqımızın şadlıq, şadyanalıq hayqırtısıydı. Şad olan günüydü bizlərə əziz olan ruhların. Bu sevincli anlarımızda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza, o cümlədən biz cəbrayıllılara müraciətindən qürur hissi keçirdik. Cənab Prezident illər öncə dəfələrlə qeyd edirdi ki, Qarabağa Böyük Qayıdış Cocuq Mərcanlıdan başlanır. Bu gün böyük bir fəxarətlə qeyd etmək istəyirəm ki, Qarabağda aparılan Vətən müharibəsinin ilk böyük Zəfər müjdəsini də Cəbrayıl torpağından aldıq. Əldə olunan bu böyük Zəfərə addım-addım, həm də əzmlə, qətiyyətlə irəliləyən Ali Baş Komandanımıza, müzəffər Ordumuza təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyir, ölkə rəhbərinin ətrafında daha sıx birləşəcəyimizi və veriləcək bütün əmr və tapşırıqları can-başla yerinə yetirəcəyimizi bəyan edirəm. Qələbəmiz ölkə rəhbərliyi, ordu və xalqın birliyindən keçir. Bu birlik isə daimi və sarsılmazdır.
Cənab Prezidentin xalqa müraciətində dediyi bu sözlər illərdir qəlbimizdə yara bağlamış bir ağrıya, bir nisgilə məlhəm oldu, yurd vüsalı ilə yanıb qovrulan ürəyimizə su çilədi, bizləri məcburi köçkün adının yükündən qurtardı: “Cəbrayıl rayonunun böyük hissəsi işğaldan azad olunub. Uzun müddətdən sonra Cəbrayıl şəhəri işğaldan azad olundu. Cəbrayıl bizimdir...” İşğaldan azad olunmuş kəndlərimiz sırasına Böyük Mərcanlı və Nüzgar kəndlərindən sonra Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad və Dəjəl... kəndlərinin də adları əlavə olundu. Kəndlərimizin adlarını qeyd edərkən üç nöqtədən istifadə etdim. Bu da təsadüfü deyil. Şanlı Ordumuz çox sürətlə torpaqlarımızı düşmən tapdağından azad edir. İnanıram ki, bu sətirləri qələmə alarkən də müzəffər ordumuzdan qələbə müjdəli xəbərlər alacayıq.
Bu sətirləri qürur və fəxarət hissi ilə qələmə alarkən “Xudafərin” qəzetinin 23 avqust 2020-ci il tarixli sayında “Zəfər soraqlı ayımız gələcək...” adlı yazıma diqqəti yönəltmək istəyirəm: “Yenə avqust ayı gəldi...Bu avqust o birilərinə bənzəmir. Artıq bıçaq sümüyə dirənib, səbr kasası dolub. Döyüş alnımıza yazılıb. Gənclərimiz səfərbərliyə yazılaraq Ali Baş Komandanın əmrini gözləyirlər. Bu avqust bizim üçün son ağrılı avqustdu, məncə... Zəfər soraqlı xəbərlər gözləyir bizi...” Şükürlər olsun ki, bir neçə ay əvvəl dilə gətirdiyim arzularım bu gün çin olub. Arzular heç vaxt bitib tükənən deyil. Cəbrayıl Zəfərinin ardınca Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Kəbəcər, Laçın... Zəfərlərimiz gələcək, qədim Şuşada üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq.. Bu xoş anları dönə-dönə yaşayaraq Böyük Zəfərimizə qovuşmaq arzusu ilə Milli Ordumuza, onun cəsur əsgər və zabitlərinə, komandir heyətinə üz tuturam:
HİDAYƏT SƏFƏRLİ
Qabaqcıl Təhsil işçisi,
AJB-nin üzvü, “Xudafərin” qəzetinin baş redaktor müavini