Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

14 mart 2013 | 16:00

13 mart 2013-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkının yanında olan boş sahədə Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Təbdirdə bayram xonçaları hazırlanmış, novruz tonqalı qalanmışdı. Bayram tədbirinin giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq tarixi çox qədim olan Novruzun bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunduğunu və sevincli bir hala – qışın bitməsinə və baharın gəlişinə həsr olunduğunu qeyd etdi. Novruz bayramı münasibəti ilə hörmətli Prezidentimiz cənab İlham Əliyev  başda olmaqla  xalqımızı, həmçinin  bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik edən rayon rəhbəri belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan öz doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa, keçəl və bahar qızının şən və məzəli çıxışları, müğənnilərin həzin və şən mahnıları  tədbir iştirakçılarında xoş əhval – ruhiyyə yaratdı.
        Tədbirdə gənc nəsli öz vətənpərvərlik mahnıları ilə mübarizəyə səsləyən Şəmistan Əlizamanlı, rayonumuzun tanınmış müğənniləri Vüsal Zamanov, Zəminə Hüseynova, Gülnarə Hümbətova, Fatma Əhmədova, həmçinin rayon Mədəniyyət və Turizm şöbəsinin musiqiçiləri gözəl ifaları və  rayonun Böyük Mərcanlı incəsənət məktəbinin qızlardan ibarət rəqs qrupu  bir – birindən gözəl rəqsləri ilə tamaşaçılara  xoş ovqat bəxş etdilər.
      Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin  ən böyük arzusu növbəti belə bayram konsertlərin işğal edilmiş torpağımızda - Cəbrayılda keçirmək oldu.
  Tədbirdə 2 mindən çox rayon sakini iştirak etmişdir.

Keçidlər