5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür
Müəllim adı həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib, ucalıq, ziyalılıq rəmzi kimi böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Müstəqil dövlətimizin inkişafı, yeni nəslin və müasir təfəkkürün formalaşmasında hər zaman müəllimlər önəmli rol oynamışlar.
5 oktyabr – Beynəlxalq Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram edilir. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.
Təhsilin inkişafı ilə bağlı son illərdə həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, Beynəlxalq Müəllimlər Günü münasibəti ilə hər il təhsilin inkişafındakı xidmətlərinə görə təhsil işçilərini fəxri adlarla təltif etməsi ölkə Prezidentinin müqəddəs peşə sahiblərinə göstərdiyi hərtərəfli qayğı və yüksək diqqətin təzahürüdür.
Hər bir ölkənin davamlı inkişafı və müasirləşməsi həmin ölkədə mövcud olan təhsil sisteminin keyfiyyət və intellektual potensialından asılıdır. Müasir qloballaşma və inteqrasiya prosesləri bu məsələni daha da aktuallaşdırmış və onu dövlətin inkişafının prioritet istiqamətinə çevirmişdir. Bu gün Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmişdir ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilsin, güclü bilik iqtisadiyyatı formalaşsın, milli təhsil sistemimiz Avropa təhsil məkanına inteqrasiya olunsun. Dövrümüz yüksək texnologiyalar dövrüdür, bu texnologiyalarla elmə yiyələnmək olar, elm isə təhsildən başlanır. Deməli, dünyanın inkişaf tempi və tələbləri ilə ayaqlaşan mütəxəssislərin hazırlanması günün ən zəruri məsələsidir.Ölkəmizin gələcək taleyi məhz bu gün gənclərimizə verilən bilik və bacarıqların keyfiyyətindən asılı olacaqdır. Heç şübhəsiz ki, müstəqil Azərbaycanımızın müəllimlər ordusu xalqımızın gələcək xoşbəxt həyatı üçün bütün imkanlarını səfərbər edəcək, xalqımıza layiq vətəndaşların yetişdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.
Ölkədə aparılan təhsil siyasətinin davamı kimi Cəbrayıl rayon İcra Hakimiyyəti rayon Təhsil şöbəsi ilə birgə də rayonun ümumtəhsil məktəblərində işin təşkili, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, ona rəhbərlik və nəzarət sahəsində öz diqqət və qayğısını əsirgəməmiş, məktəblərimizdə elm və biliklərinin əsaslarının şagirdlərimizə öyrətmək, onları müstəqil həyata hazırlamaq yolunda təhsil işçilərinə həmişə dəstək olmuşdur.
Əziz Müəllimlər!
Müəllimlik çox şərəfli vəzifədir, şərəfli olduğu qədər də məsuliyyətli işdir. Sizə bu çətin və şərəfli işinizdə uğurlar arzu edirəm.
Bayramınız mübarək olsun.
Cəbrayıl Rayon İcra Hakimiyyəti