Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan yaralı hərbçilərlə görüşüb
02 oktyabr 2020 | 16:00
Hər bir əsgərimiz gənclərimiz üçün nümunədir. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb və bundan sonra da yazdıracaqdır. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərimizə həkimlərimiz tərəfində çox yüksək səviyyədə baxılır və həmin gənclərimiz tezliklə sağalaraq öz əsgər yoldaşlarının yanına qayıdacaqdır.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kövrələrək göz yaşları axıtması ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərinin yanındadır. Çünki Azərbaycan əsgəri xilaskar əsgərdir. Azərbaycan öz doğma torpağında vuruşur və onun əsgəri haqq yolunda yaralanır.
Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Dövlət öz əsgərinin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır.
Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, o cümlədən bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur. Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər.
Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir. Dövlət və xalq artıq səmərəsiz danışıqlar və kağız üzərində qalmış bəyanatlara inanmır.
Azərbaycan bu ağır, çətin günlərdə ona dəstək olan ölkələri, təşkilatları və insanları çox gözəl tanıdı və edilən yaxşıllıqları heç zaman unutmayacaq.
Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü tam bərpa edəcəkdir. Orduda, Cəmiyyətdə çox böyük ruh yüksəkliyi var. Bu isə bizə onu deməyə imkan verir ki, Qələbə çox da uzaqda deyil.