Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir

22 sentyabr 2020 | 16:00

 Azərbaycanın bugünkü uğurları  qətiyyətli siyasi iradənin, təkmil idarəçiliyin, düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyasının  bəhrələridir. İllər keçdikcə bu uğurların miqyasının nə qədər geniş olduğu, qarşıdakı dövr üçün yeni-yeni hədəflərə stimul verdiyi  daha aydın  görünür. Müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı   xidmətlərindən bəhs edərkən onun rəhbərliyi ilə imzalanan,  ölkəmizin hərtərəfli inkişafına yol açan,  26 illik yol qət edən “Əsrin müqaviləsi” göz önünə gəlir, əldə olunan  uğurlar təhlil edilir. Bu saziş Ümummilli Liderin davamlı enerji strategiyasının zəfər yolunda başlanğıc nöqtəsi idi. Neft sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə bu sahənin  təkmilləşdirilməsinə daim diqqət və qayğı ilə yanaşıb, perspektivli təsisatların, elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda  fəaliyyətinə nail olub. Məhz o dövrdə yaradılan möhkəm təməl hazırda böyük fəxr hissi ilə bəhs etdiyimiz uğurların əsasıdır.

Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmaq,  iqtisadi və siyasi müstəqilliyini təmin etmək, dünya birliyinin fəal üzvünə çevrilmək   əzmində olduğunu dünyaya nümayiş etdirdi: “Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının  dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində də Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara diqqəti yönəldərək bildirmişdir ki, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Ölkəmizdə  aparılan infrastruktur siyasəti, infrastruktur layihələrinin icrası nümunə göstərilir: “Sovet vaxtında bizim dağ rayonlarımızda qaz xətləri yox idi. Daşkəsən, Gədəbəy, Lerikə ilk qaz xətlərini biz çəkdirdik. O vaxt Azərbaycan qazı başqa respublikalara nəql edilirdi, ancaq respublikanın bəzi yerlərində qaz yox idi. İndi qazlaşdırma 96 faizdir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik.”

Möhtərəm Prezidentimizin qeyd olunan müsahibəsində söylədiyi  “Biz neft gəlirlərini çox səmərəli yollarla yerləşdirmişik, onları qoruyuruq və ordumuzu gücləndiririk. Ona görə müstəqilliyin üstünlükləri göz qabağındadır. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır” fikirləri önə çəkərək bu gün Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edən “Əsrin müqviləsi”nin siyasi əhəmiyyətini də xüsusi qeyd edib: “Müstəqillik yollarında yenicə addımlarını atan hər bir ölkənin qarşısında dayanan əsas vəzifələrdən biri iki və çoxtərəfli çərçivədə əlaqələri qurmaq, özünü dünyaya tədim etməkdir. Ulu öndər Heydər Əliyev, eyni zamanda, dünya təcrübəsinə istinadən bildirmişdir ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan öz iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm  verməsi uzaqgörən siyasətinin nəticəsi idi. “Əsrin müqaviləsi” Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhəmləndirdi. 2017-ci ildə “Yeni  əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin il TANAP-ın istifadəyə verilməsi, 2020-ci ilin sonuna qədər TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması, bir sözlə, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.”

Ötən dövrdə neft sektoru ilə bərabər qeyri-neft sektoru da inkişaf etmiş, ümumi daxili məhsulda onun xüsusi çəkisi artmışdır: “Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident kmi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını önə çəkərək son 17 ildə bu istiqamətdə mühüm addımlar atır. Dövlətimizin başçısı İlham Əliyevin irəli sürdüyü  “Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir” tezisi bugünkü reallıqlarımızda öz əksini tapıb.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan  təkmil islahatlar, iqtisadiyyatın elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi   nəticəsində paytaxt və bölgələrdə, kənd və qəsəbələrdə  aparılan  genişmiqyaslı quruculuq  işləri, qarşıdakı dövrlər üçün müəyyənləşdirilən hədəflər bir daha təsdiqləyir ki,   inkişafın Azərbaycan modelinin mövcudluğu inkaredilməzdir, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişaf strategiyasının  məntiqi nəticəsidir və hələ  bundan sonra  uzun illər  həm dövlətimizin daha da güclənməsinə, həm də insanların yüksək rifahının təmin olunmasına  xidmət edəcək.

Keçidlər