Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq və birlik dosta sevinc, düşmənə göz dağıdır!
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər arasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Tarixə nəzər salsaq görərik ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun müharibələr və münaqişələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: ”Türk Ordusunun Azərbaycana gəlməsi, vətənimizi daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır.
Azərbaycan ilə Türkiyə arasında hər bir sahədə uğurlu əməkdaşlıq olduğu kimi hərbi əməkdaşlıq əlaqələrini də qürurla qeyd etmək lazımdır. Hər il bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir, qarşılıqlı hərbi inkişaf strategiyası davam etdirilir. Qafqaz bölgəsində vəziyyətin stabil olmadığı, qonşu Ermənistanla savaşda olduğumuz məqamda bizim bir nömrəli hərbi müttəfiqimiz Türkiyədir. Cəbhədə baş verən son proseslər də bir daha onu göstərdi ki, hər iki ölkənin dili, dini bir olduğu kimi düşməni də birdir. Sadə vətəndaşından tutmuş yüksək rütbəli dövlət məmuruna qədər hamı Azərbaycanın yanında olduğunu, onunla çiyin-çiyinə cəbhədə vuruşmağa hazır olduğunu bəyan etdilər.
Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış və qarşıdakı illərdə daha yeni sahələri əhatə edərək genişləndirilmişdir.
2019-cu ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi paradlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasında uçuş nümayiş etdirməsi, türk və Azərbaycan əsgərlərinin birgə yürüşü bir daha iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirmişdi. Sentyabrın 15-də Azadlıq meydanında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya son səfəri çərçivəsində ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edir. Qeyd etmək yerinə düşər ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalanmışdı. Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verdiklərini vurğulamış və Türkiyədən yeni hərbi texnika alınacağını bildirmişdi. Hərbi sahəyə dair imzalanmış saziş iki ölkə arasında hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə çıxarmışdır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq 2020-ci il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilmiş, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilmişdir.
İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr. Nəzərə alınmalıdır ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında Türkiyənin adı Azərbaycanın milli təhlükəsizliyinin təminatçısı rolunda göstərilməsə də Azərbaycan ərazisində xarici hərbi iştirakın mümkünlüyünə dair məqamlar öz əksini tapıb. Xüsusilə də iki ölkənin prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilədə nəzərdə tutulanlar Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının güclənməsinə təkan verir;
Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. Nəzərə alınmalıdır ki, 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb. Bu sənədlər dünyada və bölgədə mövcud olan reallıqlara uyğunlaşdırılır. Sözügedən sənədlərdə Cənubi Qafqaz bölgəsi də Ankara üçün strateji prioritetlərdən hesab edilir. Bu baxımdan Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycanla hərbi əməkdaşlığın dərinləşdirilməsi Türkiyənin dövlət və milli maraqlarından irəli gəlir.
Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin yüksək səviyyədə olduğu sübut olunub.
Ölkə başçımız cənab İlam Əliyev Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən vurğulayıb ki, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir.
Cənab Prezidentin vurğuladığı: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycanın açıq diplomatiyasına işarə edir.
Azərbaycan Türkiyə ilə birliyini nümayiş etdirməklə dostları qürurlandırır, düşmənlərə isə göz dağı verərək vahimələndirir. Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoş məramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir
Bu gün dünya bir daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə göz dağdır!