CƏBRAYIL RAYONUNUN ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN İŞĞAL EDİLMƏSİNDƏN 27 İL ÖTÜR
Zaman-zaman şanlı-şərəfli tarixi keçmişi, zəngin təbiəti, məhsuldar torpaqları və üzlərini halallığa söykəyən sakinləri ilə tanınan Cəbrayıl rayonu, ana Vətənimizin gözəllər-gözəli Qarabağın bir parçası, qəlbimizin hərarəti, gözlərimizin nurudur. Coğrafi ərazisində 4480 hektar çeşidli ağac və bitki növləri ilə zəngin meşə, 58686 hektar əkin və otlaq sahəsi, 1077 hektar meyvə və 5385 hektar üzüm bağları rayonun varı-varidatı idi. Uzaq əsrlərdən soraq verən Xudafərin körpüləri, bənzərsiz qədim memarlıq abidələri, yaşı lliklərlə ölçülən nəhəng çinar ağacları, 118 kəhriz, 99 bulaq rayonumuzun adını dillər əzbəri etmişdi.
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Ölkəmizin inzibati xəritəsində 1050 kv.km. ərazisi olan rayonumuz 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, elə o vaxtdan bu günə kimi Cəbrayıl camaatı məcburi köçkünlük həyatı yaşamaqdadır.
Tarixi düşmənlərimiz tərəfindən ata yurdumuzun işğalı nəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmışdır. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü, 28 su anbarı, 32 nasos stansiyası, 65 km qaz kəməri, 11 tikinti müəssisəsi düşmən əlinə keçmişdir. Rayon işğal edilərkən əhalinin şəxsi təsərrüfatında olan 26 min başdan çox iri, 53224 başdan çox xırdabuynuzlu heyvanlar qarət edilmişdir. Ümumiyyətlə bu işğal nəticəsində rayona 5.346.654.240 AZN dəyərində ziyan vurulmuşdur. 1988-ci ildən, 1993-cü ilə qədər erməni qəsbkarlarına qarşı mərdliklə döyüşən Cəbrayıl rayon sakinlərindən 400-ə yaxın şəhid olmuşdur ki, onlardan da 13 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qanlı-qadalı döyüşlər nəticəsində rayon üzrə 8 uşaq müharibədə hər iki, 207 uşaq isə valideynlərdən birini itirmişdir. Torpaqların müdafiəsində qəhrəmanlıq göstərmiş həmyerlilərimizdən 6 nəfəri Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. İşğal nəticəsində 52604 (hazırda 80032) Cəbrayıl rayon sakini ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 54 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Yuxarıda deyildiyi kimi, Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı Doğtumas kəndindəki "Başıkəsik Kümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı" Azərbaycan memarlığının nadir inciləri hesab edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri - Ağoğlandakı Orxan yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən dəyərli daş salnamələrdən biridir.
Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları ilə zəngin olmuşdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Dirili Qurbaninin, Aşıq Pərinin, Mucrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə həmişə ölkəmizdə fərqlənmişdir.
Uzun illər boyu Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışmış Həsən Həsənov, uzun dövr ərzində Azərbaycan Respublikasının Maarif Nazirliyinə rəhbərlik etmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki Mehdi Mehdizadə, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, Azərbaycan Milli Elmər Akademiyasının həqiqi üzvü akademik Tofiq Hacıyev, Xalq Yazıçısı Sabir Əhmədli eləcə də dövlətin idarə olunmasınada, elm, mədəniyyət və incəsənətin inkişafında, iqtisadiyyatın və hərbi qüdrətimizin artırılmasında müstəsna rolu olmuş digər onlarla həmyerlilərimizlə həmişə qürur hissi keçirmişik. Torpağa bağlılıq, halal zəhmət cəbrayıllıların əzəli həyat tərzi, vətən sevgisi, yurd amalıdır. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev və başqa əmək qəhrəmanlarının adları, habelə sovetlər dönəmindəki Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 19 yaşlı Cəmil Əhmədovun döyüş hünəri təkcə Cəbrayılda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur.
İndiki günlərimizdə də Cəbrayılın yetirmələri dövlətimizin idarə edilməsində, elm sahəsində, torpaqlarımızın müdafiəsində fəal iştirak edir, Azərbaycan xalqının bu günü və gələcəyi naminə öz töhfələrini veririlər.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə, doğma el-obalarımıza qayıdacağımız günlərin uzaqda olmadığını ortaya qoydu. Məhz həmin vaxtdan sonra özünün ən gözəl günlərinə qovuşan Cocuq Mərcanlı kəndi Qarabağa gedən yolun qapısı hesab olunmaqdadır. Ötən ay Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısını almaqla, ona tarixi ibrət dərsi verən Milli Ordumuzun əsgər və zabitləri bir daha sübut etdilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və əmri ilə ulu yurd yerlərimizi tezliklə düşməndən azad etməyə qadirdilər və inşallah tezliklə hamımız bu tarixi qələbənin şahidi olacağıq.
Elə bu ümidlə də son 27 ildən bəri doğma el-obalarımıza qayıdacaqları günü həsrətlə gözləyən, dövlətimizə, möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən Cəbrayıl camaatına yurd vüsalı arzulayır, ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda düşmənlə döyüşlərdə şəhidlik zirvəsinə ucalan ərənlərimizə isə ulu Tanrıdan qəni-qəni rəhmət diləyirik!