Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyanın Ermənistana silah satması regionda sabitliyin pozulması deməkdir

14 avqust 2020 | 16:00

Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20%-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi pozmağ cəhdlərinin arxasında böyük qüvvələr dayanır. Ermənistan isə əslində məqsədlərinə çatmaq üçün onların əlində bir oyuncaqdır. Ermənistanın müxtəlif beynəlxalq təşkilat və qrumlardan maliyyə dəstəyi aldığı da sirr deyil. Ermənistana hərbi dəstək verən ölkələrdən biri isə qonşu Rusiyadır.
    Aqustun 12-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edərək onunla məhz bu və digər narahatedici məqamlardan danışmışlar. Azərbaycan Prezidenti Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsimizin həlak olduğunu vurğulamışdır. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirmişdir. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd etmişdir. Ermənistanı silahlandırmaq həm beynəlxalq hüquq normalarına ziddir, həm də işğalçıya dəstək verməkdir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırmışdır. Ölkəmizin başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edilməklə bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirmiş və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulamışdır.
    Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısına məhz indiki mürəkkəb bir dövrdə zəng etməsi və işğalçı Ermənistanı ciddi faktlarla ifşa etməsi bir daha göstərdi ki, ölkəmizin başçısı beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla qoruyur. Eyni zamanda, Azərbaycanın milli maraqlarına zidd olan hər bir məsələ nəinki Prezident İlham Əliyevin xüsusi nəzarətindədir, hətta dövlətimizin başçısı bu tip məsələlərin milli maraqlarımıza uyğun həlli istiqamətində prinsipial mövqe ortaya qoymağı bacarır.
    Azərbaycan və Türkiyə arasında inkişaf edən əlaqələr və Rusiya qazının Türkiyə bazarında dəyərini itirməsi şimal qonşumuzu müəyyən addımlar atmağa vadar edib. Ermənistanın cəbhədə deyil, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribat törətməsi də təsadüfi deyil. Tovuz rayonu Azərbaycanın strateji neft-qaz infrastrukturunun keçdiyi ərazidir. Baxmayaraq ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edir, 12 iyul hadisələrində və ondan sonra Ermənistana böyük həcmdə silah-sursatın daşındığı ortaya çıxır. Bütün bunlar isə Rusiyanın neytrallığını pozur və münaqişənin həllinə əngəl yaradır.
    Digər tərəfdən bu gün ATƏT-in Minsk qrupunun həmsərdləri öz işlərinə laqeyd yanaşırlar və bu tərkibin dəyişdirməsi vacibdir. Ermənistan kimi təcavüzkar və işğalçı bir dövlətin silahlandırılması əslində işğala dəstək deməkdir. Münaqişənin nizamlanması ilə məşğul olan və Rusiyanın da daxil olduğu ATƏT-in Minsk qrupu öz öhdəliklərini yerinə yetirə bilmir.
    Tovuz hadisələri işğalçı Ermənistan vandallarının iç üzünü və təxribatçı xislətini bir daha nümayiş etdirdi. Təxribatçıya dəstək olmaq isə üzvü olduğu beynəlxalq təşkilatların tələb və normalarına qarşı çıxmaqdır. Biz bunu pisləyir və ikili standartların bariz forması hesab edirik.

Keçidlər