Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqın güvəncisən, Azərbaycan ordusu!

31 iyul 2020 | 16:00
   Ordu xalqın və dövlətin təhlükəsizliyinin təminantçısı, müstəqilliyini möhkəmləndirən və əbədi edən yenilməz qüvvədir. Ordunun əsas məqsədi və amalı torpağı, dövləti qorumaq, xalqın təhlükəsizliyini təmin etməkdir.  Əsgərlərimiz Vətən borcunu şərəf və ləyaqətlə yerinə yetirirlər. 
   Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Vətənpərvərlik - özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır. Vətənpərvərlik bir insanın ölkəsinə duyduğu sevgi və bağlılığı, Vətənini sevmək və Vətən üçün hər cür fədakarlığa hazır olmaq hissləridir.
Müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və Vətənpərvərlik hisslərinin inkişafına təkan verir.
   Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar.
Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkmişdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
    Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır;    
    Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir. Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Amma məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.
   2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. 
   Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. 
   Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident,  Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.
İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışaraq şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləmiş, general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev vermişdir
   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar    Mirzəyevin ailələrini ziyarət etmişlər. Fondun nümayəndələri tərəfindən Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında şəhid ailələrinə baş çəkiləcəyi nəzərdə tutulmuşdur. Mehriban Əliyevanın tapşırığına əsasən Tovuz rayonu istiqamətlərində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacağı bildirilmişdir. 
   Bu gün artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər.
   14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilmişdir. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərmiş,  .Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmuşdur. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş və bu gün də bu müraciətlər davam edir. Həmçinin Azərbaycanda Qadın Sahibkarlığı Assosiasiyasının (AQSİA) üzvləri Prezidentin çağırışına dəstək verərək Assosiasiya sıralarında birləşən yüzlərlə sahibkar xanımın orduda xidmət göstərməyə hazır olduqlarını bildirmişlər.
   Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı mübarizədə Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulamışdır.
   Belə bir məqamda  qardaş Türkiyə Cümhuriyyəti Azərbaycanı tək buraxmadı və təbii ki, Azərbaycana dəstək nümayiş etdirən ilk ölkə qardaş Türkiyə oldu. Ən yüksək səviyyədə Azərbaycanı dəstəklədiyini bildirdi. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışarkən, “İşğalçılığı davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı      Qüvvələrinin yanında olmağa, azərbaycanlı qardaşlarımıza dəstək verməyə davam edəcəyik” ifadələrini işlətdilər.
    Xaricdə yaşayan soydaşlarımız da Prezident İlham Əliyevin yanında olduqlarını və onu dəstəklədiklərini bildirdilər. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Dünya Türk Birliyi təşkilatı, Latviyada yaşayan soydaşlarımız, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Ukraynadakı Türkiyənin icma nümayəndələri, Belarusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib, erməni işğalını lənətlədilər.
Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq,” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndiriblər.
   Zaman zamana, vaxt vaxta bənzəməz. Amma son baş verən hadisələr biz də elə bir təəssürat yaradır ki, tarix yenidən təkərrür edir, yaxud bunun üçün çalışan qüvvələr var. Lakin eyni olmayan bir məqam var ki, onu da dostlarımızın və düşmənlərimizin dərk etməsi lazımdır. Azərbaycan 90-cı illərin əvvələrində mövcud olan, ayrı-ayrı qruplar tərəfindən idarə olunan, hərci-mərciliyin hökm sürdüyü o vaxtkı ölkə deyil. Artıq Azərbaycan Cənab Prezidentin rəhbərliyi altında böyümüş, inkişaf etmiş, böyük tərəqqi yolu keçmiş qüdrətli bir dövlətdir!
 
Keçidlər