2012-ci ilin yekunu və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyevin hesabatı
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu Milli Strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr icra edilmiş, nəzərdə tutulmuş bütün planlar həyatda öz əksini tapmış, 2012-ci ildə də ölkəmizin sürətli inkişafı davam etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar 2013-cü il tarixli iclasında cənab Prezidentinin qeyd etdiyi kimi keçən il ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9.7 faiz, qeyri neft sənayesi 8 faiz, əhalinin pul gəlirləri 13.8 faiz artmış, bunun müqabilində inflyasiya isə 1.1 faiz təşkil etmiş, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çox olmuşdur. Yoxsulluq səviyyəsi 6 faizə, işsizlik isə 5,2 faizə düşmüş, il ərzində 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. İlham Əliyev cənablarının Prezidentlik fəaliyyəti dövründə ümumilikdə 1 milyon 200 min yeni iş yeri açılmış, ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsinə qalxmışdır.
Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar 22 milyard dollardan çox olmuş və müsbət haldır ki, bunun 13 milyarddan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Sərmayələrin əsas hissəsinin daxili vəsaitlər hesabına qoyulması ölkəmizin iqtisadi potensialının artmasının göstərirsə, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması isə onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaş və cəlbedici ölkədir.
Keçən il çox böyük sosial proqramın icrasına - sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiya verilməsinə başlanmış və artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat vəsait ödənilmişdir.
İnkişaf etmiş ölkələrin bir çoxunun reytinqlərinin aşağı salındığı İndiki vaxtda, aparılmış iqtisadi islahatlar nəticəsində Azərbaycanın kredit reytinqləri yuxarı qaldırılır, iqtisadiyyatımız mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Sosial-iqtisadi inkişafla yanaşı, 2012-ci il Azərbaycanın dünyadakı nüfuzunun yüksəlməsinə, beynəlxalq miqyasda mövqelərinin möhkəmlənməsinə xidmət edən mühüm hadisələrlə də zəngin oldu. Bu sırada Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətə başlaması və may ayında dünyanın bu mötəbər təşkilatının əsas strukturuna rəhbərlik etməsi xüsusi qeyd edilməlidir. 2011-ci ilin sonlarında 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan ötən il bu vəzifəsini layiqincə icra etməklə, bir sıra beynəlxalq və qlobal məsələlərdə özünün qətiyyətli mövqeyini ortaya qoymaqla tam müstəqil siyasət yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan üçün ən prioritet məsələ olan işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə əlaqədar siyasi müstəvidə bir sıra diqqəti çəkən məqamlar oldu. Ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları Azərbaycan rəhbərliyinin mövqeyini bölüşərək status-kvonun qəbuledilməz olduğunu təsdiqlədilər. Azərbaycanın qoşulduğu Qoşulmama Hərəkatının zirvə toplantısında, NATO-nun zirvə görüşündə və digər beynəlxalq səviyyələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqelər ortaya qoyuldu. Qoşulmama Hərəkatının zirvə toplantısında qəbul edilən qətnamədə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi öz əksini tapdı. NATO-nun zirvə görüşündə qəbul edilmiş qətnamədə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi haqqında məsələ qoyuldu.
Lakin beynəlxalq ictimaiyyətin bəzi subyektlərinin bu məsələdə ikili standartlara yol verməsi, Ermənistanın işğalçılıq siyasətinə göz yumması, bəzən müəyyən amillərdən çıxış edərək beynəlxalq hüququn normalarını arxa plana keçirməsi Dağlıq Qaradağ probleminin ədalətli həllini ləngidir. Azərbaycan isə problemin sülh yolu ilə həlli mümkün olmasa, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğal olunmuş ərazilərinin istənilən, o cümlədən hərbi yolla azad edilməsi hüququnu hər zaman özündə saxlayır. Təsadüfi deyil ki, ötən illərdə Azərbaycanda Silahlı Qüvvələrin modernləşdirilməsi və maddi-texniki təchizatının gücləndirilməsi istiqamətində görülən işlər Ermənistanda yüksək həyəcan və narahatlıqla qarşılanır. Məhz cənab Prezident Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bəyan etmişdir ki, "Biz ordumuzu 2013-cü ildə daha da gücləndirəcəyik. Ordumuza xərclənən vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini tapsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin".
Ötən il Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti, həmyerlimiz Ramil Səfərovun vətənə ekstradisiya olunması və dərhal əfv edilməsi, Pakistan, Kolumbiya və Meksikanın ali qanunverici orqanlarının rəsmi şəkildə Xocalı soyqırımını tanıması Azərbaycanın nüfuzunun və beynəlxalq mövqelərinin daha da gücləndiyini təsdiq etdi.
Ölkə Prezidenti İlham Əliyev cənabları bütün sahələrdə olduğu kimi Ulu Öndər Heydər Əliyevin qaçqın və köçkünlərə göstərdiyi diqqət və qayğını həmişə yüksək səviyyədə davam etdirmişdir. Son 9 ildə soydaşlarımızın problemlərinin həlli məqsədi ilə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. Həmçinin son 20 ildə bu qəbildən olan insanların sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur.
İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Həmin yeni yaşayış məntəqələrində 139 məktəb, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmişdir. Cəmi inşa edilmiş 77 qəsəbədən 14.3 faizi Cəbrayıllı köçkünlər üçün salınmış, və sosial obyektlərdən isə 11 məktəb, 11 bağça, 11 tibb məntəqəsi, 11 mədəniyyət obyekti məhz həmin qəsəbələrdə inşa edilmişdir.
Təqdirəlayiq haldır ki, Azərbaycan bu il həm də bir sıra beynəlxalq mötəbər tədbirlərə layiqli şəkildə ev sahibliyi etdi. Mövzusundan asılı olmayaraq, həmin tədbirlərin hər biri Azərbaycanın beynəlxalq miqyasda siyasi nüfuzunun artmasına təsirsiz ötüşmədi. 57-ci "Eurovision" mahnı müsabiqəsi, futbol üzrə qadınlararası dünya çempionatı, İkinci Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının XII zirvə toplantısı, Avronest Parlament Assambleyasının ikinci sessiyası, GT3 və klassik "Formula-1" avtomobil yarışları, VII İnternet İdarəçilik Forumu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyası, 23-cü Krans Montana Forumu kimi tədbirlər Azərbaycanı dünyaya bir qədər də yaxından tanıtdı. Bununla əlaqədar ölkəmizə gələn yüz minlərlə əcnəbi Azərbaycandakı inkişafı, yüksəlişi öz gözləri ilə gördü.
Ötən il Azərbaycanla Türkiyə arasında TANAP layihəsi üzrə imzalanan saziş isə ölkəmizin bu kimi məsələlərdə əsas təşəbbüskarlardan biri olmasının növbəti əyani təzahürüdür. Dünyanın bir çox dövlətlərinin maraqlarının toqquşduğu enerji təhlükəsizliyi və enerjidaşıyıcılarının şaxələndirilməsi məsələlərində Azərbaycanın əsas söz sahiblərindən biri kimi çıxış etməsi ölkəmizin qətiyyətli və cəsarətli siyasət yeritməsindən xəbər verir.
Azərbaycan ötən il XXX London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək dünya ölkələri arasında 30-cu, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutdu və idmançılarımız Olimpiya oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla cəmi 10 medal qazandı.
Dekabr ayında Avropa Olimpiya Komitəsinin 2015-ci ildə baş tutacaq birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etməsi isə Azərbaycanın ilin sonuna doğru növbəti beynəlxalq uğuru oldu.
2013-cü ilin Azərbaycanda növbəti inkişaf mərhələsi olacağı şübhəsizdir. İnkişaf edən bir ölkənin isə beynəlxalq nüfuzunun yüksəlməsi təbiidir. Bu baxımdan həm ötən ilin uğurlu yekunları, həm də Azərbaycanın sürətli tərəqqisi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qeyd etdiyi kimi, 2013-cü ilə böyük nikbinliklə baxmağa imkan verir.
Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə əlaqədar növbəti onillikdə lazım olan inkişaf hədəflərinə çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanla “Azərbaycan–2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası təsdiq etmişdir. Konsepsiyanın əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elimin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
2012-ci ildə Respublikanın 53 şəhər və rayonunda müvəqqəti məskunlaşmış 16294 ailədə birləşmiş 66934 nəfər rayon əhalisinin problem və qayğılarının həlli istiqamətində müəyyən işlər görmüş, bilavasitə insan amilinə xidmət edən bir sıra həlli vacib layihələrin icrası təmin edilmişdir.
Belə ki, ötən il 2003-cü ildə istifadəyə verilmiş 2598 ailənin, 12 minə yaxın əhalinin məskunlaşdığı 6 qəsəbədə ən çox narahatedici problem sayılan içməli su ilə təminat məsələsi öz müsbət həllini tapdı. Böyük maliyyə vəsaiti tələb edən bu layihəni reallaşdırmaq üçün tərəfimizdən göstərilən səylər öz bəhrəsini verdi. Bununla bağlı Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasizadənin yanında oldum və onun tapşırığından sonra “Azərsu” ASC tərəfindən işə başlandı və bu layihə daxilində hər bir ailənin həyətinə su çəkildi. Açılışda Baş Nazirin müavini cənab Ə.Həsənov və Cəmiyyətin sədri Qorxmaz Hüseynov iştirak etmişdir.
Eyni zamanda həmin qəsəbələrin tam yararsız vəziyyətə düşmüş daxili ara yolları Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaiti hesabına bərpa olunaraq köçkünlərimizin istifadəsinə verildi və bununla da qəsəbə sakinlərinin, xüsusən də şagirdlərin məktəbə gedib-gəlişində yaranan problem öz müsbət həllini tapdı.
Həyati əhəmiyyət kəsb edən üçüncü məsələ – həmin 6 qəsəbədə fəaliyyət göstərən məktəblərdə və uşaq bağçalarında istilik sisteminin olmaması səbəbindən qış aylarında məktəbəqədər və məktəbli uşaqların soyuqdan əziyyət çəkməsi idi. Məsələnin həlli üçün ilin əvvəlindən tərəfimdən aidiyyəti yuxarı dövlət orqanlarına çoxsaylı yazılı və şifahi müraciətlər edilmiş və ən nəhayət Baş Nazirin müavini Cənab Abid Şərifovun qəbulunda olub problemi ciddiliyi ilə çatdırdıqdan sonra 6 məktəbdə və 6 uşaq bağçasında günəş enerjisi ilə işləyən istilik sistemlərinin yaradılması qərarına gəlinmiş, layihənin icrası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə tapşırılmışdır. Hazırda Şirkət tərəfindən bu layihə çərçivəsində məktəblərdə və uşaq bağçalarında istilik sistemi quraşdırılır, həm də zəruri təmir-bərpa işləri görülür.
Ağrılı məsələlərdən biri də rayonun işğalından keçən 19 il ərzində rayon şəhidlərinin cəm olduğu bir istinad yerinin olmaması idi. Bu səbəbdən də hər il “23 avqust” rayonun işğal gününü çox az şəhidimizin dəfn edildiyi Beyləqan rayonu ərazisindəki Bahar qəbiristanlığında və Cərcis Peyğənbər ziyarətgahında keçirməli olurduq. Anım tədbirlərində şəhid ailələrinin hamısı öz şəhidlərini ziyarət edə bilmədiyindən haqlı olaraq narazı qalırdılar. Məhz bunu nəzərə alaraq bu ilin may ayında torpaqlarımızın erməni hərbi birləşmələrinin hücumundan müdafiə edərkən həlak olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonu ərazisindəki 3 - 4 saylı qəsəbə arasında “Şəhid Abidə Kompleksi”nin tikintisinə başladıq və 5 avqust tarixdə tikinti əsasən başa çatdırıldı.
Bu il “23 avqust” işğal günü 392 şəhidimizin qara mərmər lövhədə əksi həkk olunmuş yeni abidə kompleksinin önündə qeyd edildi. Tədbirə yaxın və ucqar bölgələrdən şəhid ailələrinin üzvləri, qohumları ilə yanaşı, rayondan olan ziyalılar, elm adamları, ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr, əlaqədar Respublika təşkilatlarının məsul işçiləri gəlmişdir. Xüsusi izdihamı ilə fərqlənən bu tədbirdə şəhidlərin yaxınları və eləcə də bütün iştirakçılar kövrək hislər yaşamış, şəhidlərimizin narahat ruhunun rahatlıq tapması üçün Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsi üçün səylər göstərməyin vacibliyini vurğulamışlar. 23 avqust işğal günündən sonra da hər gün xeyli sayda soydaşımız bu Kompleksə gələrək öz şəhidlərinin əziz xatirəsini yad edir, şəkilləri önünə gül-çiçək dəstələri düzür, ruhuna dualar oxudurlar.
Hazırda şəhidlər abidə kompleksinin ətrafında abadlıq işləri görülür, icra hakimiyyətinin inzibati binası ilə şəhidlər abidə kompleksi arasında, ordan isə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkla - 4 saylı qəsəbənin başlanğıcındakı qonaq evi arasında olan zolaq abadlaşdırılır və ərazidə yaşıllıq salınır. Növbəti yeni ildə isə əsas hədəf olaraq qəsəbələrdə abadlıq işlərinin davam etdirilməsi, həmçinin “Qaçqınların və Məcburi Köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş əlavələr çərçivəsində fin tipli qəsəbələrdə məskunlaşmış köçkün ailələrinin yeni qəsəbələrə köçürülməsi, Bakı, Sumqayıt şəhərlərindəki yataqxana, ictimai bina və yarımçıq tikililərdəki ailələr üçün yaşayış evlərinin tikintisinin davam etdirilməsi və buradakı ailələrin mərhələlərlə köçürülməsi nəzərdə tutulur.
Ölkəmizdə olduğu kimi keçən hesabat ilində rayonun sosial-iqtisadi inkişafında da müəyyən irəliləyişlərə nail olunmuş, məcburi köçkünlərimizin sosial rifah halı xeyli yaxşılaşmışdır. 2012-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə artaraq 26 milyon 647.2 min manata, o, cümlədən kənd təsərrüfatı məhsullarının həcmi 4.4 faiz artaraq 9 milyon 964 min manata çatmış, sənayedə 569 min manatlıq, tikintidə 15 milyon 864 min manatlıq, nəqliyyatda 9,3 min manatlıq, rabitədə 69,3 min manatlıq, ticarətdə isə 171 min manatlıq məhsul buraxılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2012-ci il 06 iyun tarixli 648 nömrəli fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. 17 noyabr 2012-ci il tarixdə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə “ Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə yeni təsdiq edilmiş Əsasnamədə yerli icra hakimiyyəti başçılarının ərazidə ümumi rəhbərliyi həyata keçirmək üçün onlara verilmiş ayrı-ayrı sahələr üzrə vəzifə - səlahiyyətlərin icrası vəziyyəti ətraflı təhlil edilmişdir. Tapşırığa uyğun olaraq müşavirə ilə bağlı 27 noyabr 2012-ci il tarixdə rayonda Şura iclası keçirilmiş və ümumilikdə əlavələrlə birlikdə 7 maddədən və 363 bənddən ibarət olan bu Əsasnamədə təsbit olunmuş bütün vəzifə və səlahiyyətlər, o, cümlədən də 2.11. yerli icra hakimiyyətinin başçısı yanında şuranın səlahiyyətləri, 4.15.11. rayonda ictimai asayişin qorunması, 3.15.2. korrupsiyaya qarşı mübarizə, 3.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi barədə vəzifəli şəxslərə ətraflı məlumat verilmişdir.
Müzakirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin təşəbbüsü ilə yaradılmış Regionların İnkişafının Analitik İnformasiya Sisteminə (RİAİS) yerləşdirilmiş 2003-2011-ci illər üçün məlumatlar müqayisəli təhlil edilərək mənfi və müsbət dinamika izlənmiş, nöqsanları doğuran obyektiv və subyektiv səbəblər araşdırılmışdır.
Məhz əsasnamənin 4.6. bəndinə uyğun olaraq əhalinin sosial müdafiəsi və gender bərabərliyi, nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi və bu münasibətlərin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi kimi vacib məsələlərdən ətraflı bəhs edilmiş, keçən ildə rayon əhalisi arasında 126 boşanma və rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 53 uşaq doğulmasının narahatlıq doğuran hal olduğu qeyd edilmişdir.
Rayon İcra hakimiyyəti aparatının sahə üzrə məsul işçiləri, aidiyyəti üzrə rayon hüquq-mühafizə orqanlarının və rayon qeydiyyat şöbəsinin əməkdaşları belə tendensiyanın tamamilə qarşısının alınması üçün maarifləndirici tədbirlər həyata keçirir, ailə dəyərləri geniş formada təbliğ edilir, insanlara, xüsusən də qadınlara onların hüquqları, rəsmi nikahın üstünlükləri izah edilir. Həmçinin bu sahədə gənc ailələr daim diqqət mərkəzində saxlanır, xüsusən qızların erkən yaşda nikaha girmələrinin qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər hazırlanıb həyata keçirilir.
Təbliğat məqsədi ilə tərəfimizdən əhalimizin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə, eləcə də digər müvəqqəti məskunlaşma yerlərində fəaliyyət göstərən rayon məktəblərində təhsil alan yuxarı sinif şagirdləri ilə ziyalıların, nümunəvi ailə başçılarının iştirakı ilə xeyli sayda profilaktiki maarifləndirmə tədbirləri keçirilmiş və bu kimi tədbirlərin nəticəsidir ki, son illər rayonda erkən nikahların sayı minimuma enmişdir.
Hesabat ili ərzində rayon üzrə 1072 nəfər yeni uşaq doğulmuş, 362 nəfər vəfat etmiş, 413 nəfər rayonun daimi qeydiyyatına gəlmiş, 132 nəfər isə rayonun daimi qeydiyyatından çıxaraq respublikanın digər şəhər və rayonlarına daimi qeydiyyata düşmüşdür. Bununla da ilin əvvəlinə nisbətən əhali arasında 710 nəfər təbii artım, 281 nəfər isə miqrasiya artımı olmaqla ümumilikdə 991 nəfər və ya 1,5 faiz əhali artımı olmuşdur.
Keçən il rayon büdcəsinin gəlir və xərclərin icrası nəzarətdə saxlanmış, illik xərclər smetasında ayrı-ayrı xərc maddələri üzrə nəzərdə tutulmuş vəsaitlərin təyinatı üzrə xərclənməsi təmin edilmişdir. Mədaxil üzrə 11461,5 min manat proqnoza 12029.4 min manat və ya 104,9 faiz, məxaric üzrə 11994.1 min manat proqnoza qarşı 11408,0 min manat və ya 95,1 faiz yerinə yetirilmişdir. Mədaxilin 10892,3 min manatı Maliyə Nazirliyindən verilən dotasiya, 1136,7 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. Hesabat ilində yerli gəlirlər 902 min manat proqnoza qarşı 1136,7 manat və ya 126 % yerinə yetirilmişdir.
Rayon üzrə büdcə və qeyri büdcə təşkilatlarında çalışan işçilərin hamısı plastik kartlarla təmin edilmiş, əhalimizin kompakt məskunlaşdığı və rayon təşkilatlarının fəaliyyət göstərdiyi Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə Kapital Bankın 3 bakomatı quraşdırılmışdır. Keçən il rayon əhalisinə çatası bütün aylıq əmək haqqı, pensiya və müavinətlər plastik kartlar vasitəsi ilə vaxtnda ödənilmişdir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə mütəmadi olaraq dəstək verilmiş, qəsəbələrdə müxtəlif təyinatlar üzrə fərdi xidmət obyektləri açmaları üçün münasib yerlərdən torpaq sahələri ayrılmış, onlara öz bizneslərini daha da inkişaf etdirmələri üçün kreditlər verilmişdir. Bu məqsədlə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu xətti ilə 02.12.2011 və 14.12.2012-ci il tarixlərdə Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə kredit yarmarkası keçirilmiş, bank və kredit birlikləri tərəfindən 2007-ci ildən indiyə kimi cəmi 942 məcburi köçkünə 1 milyon 852 min manat, o, cümlədən 2012-ci ildə 318 nəfərə 606 min.m qısamüddətli, 111 kənd təsərrüfatı məhsulları istehsalçısına cəmi 683 min.m, o, cümlədən keçən ildə 75 nəfərə 377 min.m uzunmüddətli güzəştli kredit verilmişdir. Yeni salınmış qəsəbələrdə vətəndaşlarımız onlar üçün yaradılmış əlverişli şəraitdən istifadə edərək indiyə kimi pərakəndə ticarət üzrə 189, sənaye və tikinti materiallarının satışı üzrə 22, İctimai iaşə üzrə 22, istehsal sahəsi üzrə 9, təmir-tikinti sahəsi üzrə 3, təhsil, səhiyyə, rabitə, nəqliyyat xidmətləri üzrə 17, topdan satış ticarət sahəsi üzrə 6, digər sahələr üzrə isə 97 fərdi xidmət obyektləri yaratmış və hazırda həmin xidmət sahələri qəsəbədə məskunlaşmış əhalimizin gündəlik ərzaq və qeyri ərzaq mallarına, eləcədə digər zəruri xidmətlərə olan tələbatını ödəyir.
Keçən il rayon sakinlərinin Sovetlər dövründən qalmış əmanətlərinin qaytarılması müvəffəqiyyətlə icra edilmiş, Kapital Bankın Cəbrayıl filialı vasitəsi ilə 4400 nəfər əmanətçiyə nəzərdə tutulan vəsaitin 80 faizi, təxminən 2400,0 min manatı ödənilmişdir.
Xidmət ərazimiz olan qəsəbələrdə fəaliyyət göstərən ticarət və iaşə obyektlərində vaxtı keçmiş ərzaq məhsullarının satışına yol verilməsinin qarşısını olmaq üçün rayonda yaradılmış İstehlak mallarının qiymətlərinə və keyfiyyətinə nəzarət üzrə İctimai komissiya bir neçə dəfə ərzaq satışı ilə məşğul olan obyektlərdə reydlər keşirmiş və belə məhsulları yığışdıraraq komissiyanın iştirakı ilə məhv etmişdir. Hazırda komissiyasının əməkdaşları əvvəlcədən təsdiq edilmiş yoxlama qrafikinə uyğun olaraq pərakəndə satış məntəqələrində istehlak mallarının keyfiyyətinə və qiymətinə ciddi nəzarət edir.
Ölkəmizdə hazırda əhalinin etibarlı sosial müdafiəsi istiqamətində “2009–2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində məqsədyönlü iş aparılır. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda ötən illərdə sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunmuş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulmuşdur. Yeni pensiya sistemi fəaliyyətə başlamış, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunmuş və aparılan uğurlu sosial siyasət nəticəsində yoxsulluq səviyyəsi 2000-ci ildəki 49 faizdən 2012-ci ildə 6 faizə qədər azalmış, əməkhaqqı və pensiyalar dəfələrlə artırılmışdır.
Azərbaycan hökuməti “Azərbaycan 2020; gələcəyə baxış” İnkişaf Konsepsiyasında sığorta-pensiya sisteminin təkmilləşdirilməsi haqqında həyata keçirilən pensiya islahatlarının daha da dərinləşməsi məqsədilə 2016–2020-ci illər üçün yeni Dövlət Proqramı hazırlamağı qarşıya məqsəd qoymuşdur. Həmçinin həmin Konsepsiyada yaxın vaxtlarda ölkə vətəndaşlarının pensiya təyinatının hər hansı sənəd təqdim etmədən müvafiq elektron müraciət ünvanlamaqla pensiya təyinatının avtomatlaşdırılmış qaydada təyin edilməsi, əhalinin sosial təminat sisteminin daha da təkmilləşdirilməsi, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial müavinətlərin məbləğlərinin artırılması, uşaqlı ailələrə verilən müavinət sisteminin təkmilləşdirilməsi, ailələrin sosial yardımlara olan ehtiyaclarının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi, ehtiyac meyarının minimum yaşayış standartlarına uyğunlaşdırılması, əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ahıl vətəndaşlara qayğının daha da artırılması kimi həyati əhəmiyyət daşıyan tədbirlər nəzərdə tutulub.
Keçən ilki hesabat ilində pensiya yaşında olan vətəndaşlara, sosial müdafiəyə daha çox ehtiyacı olan ailələrə aidiyyəti qurumlar tərəfindən xidmət göstərilməsi daim diqqətdə saxlanmış, rayonda çalışan işçilərin könüllü olaraq əmək haqlarından ayırdıqları 1 faiz məbləğ hesabına formalaşmış İcra hakimiyyətinin “Xeyriyyə” fondundan bu təbəqədən olan insanlara il ərzində 78770 manat maddi yardım verilmiş, digər xeyriyyə xarakterli tədbirlərə 4100 manat, Xudafərin rayon qəzetinin çap edilməsi və rayon əhalisinə pulsuz paylanması üçün isə 2000 manat vəsait ödənilmişdir.
2012-ci il ərzində DSMF Cəbrayıl rayon şöbəsi tərəfindən 3339 nəfərə yaşa, 4650 nəfərə əlilliyə və 255 nəfərə isə ailə başçısını itirməyə görə pensiya verilir. Cari ildə Şöbə üzrə qeydiyyatda olan 8244 nəfər pensiya və müavinətçiyə cəmi 13 milyon 807 min manat vəsait vermişdir. Şöbənin hesabına ümumilikdə 14115,4 min manat vəsait toplanmışdır ki, bunun da 2388,4 min manatı toplanmış məcburi dövlət sosial sığorta haqqı və digər yığımlar, 11727,0 min manatı isə Respublika Dövlət Sosial Müdafiə Fondundan daxil olmuşdur.
ƏƏSMM Cəbrayıl rayon şöbəsi xidmətində olan ümumilikdə 2429 nəfərə o, cümlədən əlilliyə görə 2072 nəfərə, qocalığa görə 5 nəfərə, ailə başçısını itirməyə görə 97 nəfərə və 248 nəfər təqaüdçüyə və birdəfəlik müavinət alanlara ümumilikdə bir ildə 2 milyon 641min manat müavinət, 373 ailədə birləşmiş 1626 nəfərə isə 443040 manat ünvanlı sosial yardım vermişdir ki, bu da Mərkəz üzrə 2 milyon 641 min manat təşkil edir. Ünvanlı sosial yardım alan hər ailəyə ayda orta hesabla 99 manat vəsait verilmişdir.
2012-ci ildə rayon üçün ayrılan limitin xeyli azaldılması qəsəbələrdə məskunlaşmış əhali arasında müəyyən gərginlik yaratmışdır. Ümuid edirik ki, bu gərginlik müvəqqəti olacaq, növbəti aylarda buna ehtiyacı olan ailələrə çatacaq qədər ünvanlı yardım limiti ayrılacaqdır.
2010-cu ildə qəbul edilmiş “Elektron Azərbaycan” Dövlət Proqramının və Azərbaycan Respublikası Prezidentinin “dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə xidmət ərazimiz olan 4456 mənzildən ibarət 11 qəsəbədə əhalimizə elektron xidmətlər göstərilməsi üçün 3 saylı qəsəbədə 640, 7 və 10 saylı qəsəbədə isə hər biri 256 olmaqla cəmi 1152 tutumlu Elektron ATS-lər fəaliyyət göstərir. Qəsəbə əhalisinin sürətli internetə çıxışı üçün 169 montaj tutumu olan genişzolaqlı internet xətti çəkilmiş, artıq onun 144-ü abonentlər tərəfindən istifadə olunur.
Eyni zamanda qəsəbə əhalisinə poçt xidməti göstərmək üçün 9 saylı qəsəbədə “Azərpoçt” Dövlət Müəssisəsinin rayon filialı, 3 və 7 saylı qəsəbələrdə isə filialın agentlikləri fəaliyyət göstərir. Poçt filialında yeni xidmət sahəsi olaraq bank - maliyyə xidməti, MDB və xarici ölkələrə sürətli pul köçürmələri xidməti yaradılmış və hazırda fəaliyyətdədir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu Neft Strategiyası bəhrə verməyə başladığı ilk vaxtlardan doğma torpaqlarından zorla qovularaq öz vətənində qaçqın və köçkünə çevrilmiş soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılmışdır. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2004-cü il 01 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqram”ı və həmin Proqrama 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə Əlavələr təsdiq edilmişdir. Həmin Proqram və Əlavələrdə rayona aid olan 41 tədbirdən 11 icra edilib, 21 icra edilir, 2-i isə bu il icra ediləcəkdir. Məhz ulu öndərin 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanı və Cənab Prezidentin təsdiq etdiyi Proqram və Əlavələr çərçivəsində Neft kontraktlarından əldə olunan gəlirlər hesabına formalaşmış “Dövlət Neft Fondu”nun vəsaiti hesabına tikilmiş yeni qəsəbələrə, hündür mərtəbəli yaşayış binalarına və fərdi mənzillərə indiyə kimi ümumilikdə rayondan olan 4466 Cəbrayıllı köçkün ailəsi köçürülmüş, yaxın aylarda isə əlavə 600-ə yaxın ailənin yeni mənzillərə köçürülməsi təmin ediləcəkdir.
Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrə köçürülmüş soydaşlarımız burada yeni mənzil əldə etməklə bərabər, həm də onların istifadəsinə ayrılmış həyətyanı-pay torpaqlarında kənd təsərrüfatı işləri və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı qazanmışlar. Hazırda qəsəbə sakinləri bu imkandan istifadə edərək özlərinin təsərrüfatında intensiv olaraq mövsümü kənd təsərrüfatı işləri görür, yaratdıqları fərdi xidmət obyektlərində kiçik və orta sahibkarlıqla məşğul olur, qəsəbələrə bitişik ərazidə fəaliyyət göstərən “Azərsun Holdinq”in Biləsuvar filialında müvəqqəti və mövsümü işlərdə çalışırlar.
Respublikanın digər ərazilərində, xüsusən də bilavasitə xidmət ərazimiz olan qəsəbələrdə yeni açılmış, fəaliyyəti bərpa edilmiş rayon təşkilatında və vətəndaşlarımız tərəfindən yaradılmış 400-dən çox fərdi xidmət obyektində ümumilikdə 1665 nəfər o, cümlədən 2012-ci ildə 352 nəfər rayon sakini daimi işlə təmin olunmuşdur. Lakin bununla belə əhalimizin kompakt olaraq məskunlaşdığı bu qəsəbələrdə işsizlik problemi hələ də tam həll edilməmişdir.
Hazırda rayon üzrə 49920 nəfər əmək ehtiyatları, 44210 nəfər əmək qabiliyyətli yaşda əmək qabiliyyətli əhali, 5710 nəfər məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslər, 28124 nəfər iqtisadi fəal əhali, ondan da 23951 nəfəri məşğul əhalidir. Əmək qabiliyyətli əhalidən 4173 nəfər və ya 14,8 faiz isə işsizdir ki, onlardan da 1547 nəfəri Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi rəsmi qeydiyyata alınmış, 273 nəfərə rəsmi işsizlik statusu verilmiş, il ərzində 32-si təkrar olmaqla 66 nəfərə işsizlik müavinəti təyin edilmişdir. Hesabat ilində Mərkəz xətti ilə 51 nəfər işə düzəlmiş, 10 nəfər peşə hazırlığı kurslarına, 5 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.
Hazırda qəsəbələrdə mövcud olan əmək qabiliyyətli əhalinin əsas məşğulluq yeri olan “Azərsun Holdinq”in Biləsuvar şöbəsinin rəhbərliyi ilə yaxından əməkdaşlıq edilir, Şirkətin təsərrüfat sahələrinə qəsəbələrdən daha çox işçi qüvvəsi cəlb olunmasına çalışırıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətin həyata keçirilməsi sayəsində təhsildə nəzərəçarpan nailiyyətlər əldə olunmuşdur. 2003-cü ildən bəri Ölkə üzrə təhsil sahəsinə ayrılan büdcə vəsaiti 5 dəfədən çox artmış, təhsilin məzmunca yeniləşməsi istiqamətlində əsaslı islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası yonündə əhəmiyyətli addımlar atılmışdır.
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə xaricdə təhsil almağa göndərilmiş, ümumilikdə isə bu Proqram, digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.
Növbəti illərdə Ölkə üzrə təhsil xərclərinə ayrılan vəsaitlərin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi, yeni məktəblərin tikintisi və əsaslı təmirinin davam etdirilməsi, azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunası üçün dövlət uşaq bağçaları şəbəkəsinin genişləndirilməsi və təchizatının yaxşılaşdırılması, peşə təhsilinə cəlb olunan vətəndaşların artırılaraq iqtisadiyyatın tələıbatına uyğunlaşdırılması nəzərdə tutulur.
Məhz Ölkə prezidentinin diqqət və qayğısı sayəsində keçən il Təhsil Nazirliyi tərəfindən məktəblərimizin 1-11-ci siniflərinə 40 min 174 manat dəyərində 17 min 570 ədəd dərs vəsaiti, Dövlətqaçqınkom tərəfindən isə 26 min 450 manat dəyərində 1183 ədəd məktəbli paltarı paylanmış və hər ildə olduğu kimi Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Millət vəkili Mehriban Xanım Əliyevanın Prezidenti olduğu Heydər Əliyev Fondu tərəfindən 2012-2013- cü tədris ilində məktəbə gedəcək ı sinif şagirdləri üçün pulsuz 820 ədəd məktəbli çantası, 18 adda isə məktəbli ləvazimatı hədiyyə olaraq verilmişdir.
Rayon İcra hakimiyyəti rayonda təhsilin səviyyəsini yüksəltmək üçün bu sahəni daim diqqətdə saxlamış, imkan daxilində ümumtəhsil məktəblərində tədris şəraitinin yaxşılaşdırılması, təlim-tərbiyənin yüksəldilməsi üçün müəyyən tədbirlər həyata keçirmişdir.
Belə ki, hər il bir qayda olaraq səylərimiz nəticəsində əsaslı təmirə, yenidən qurulmasına ehtiyac olan ümumtəhsil məktəblərimiz “Dövlətqaçqınkom”un, Təhsil Nazirliyinin və digər aidiyyəti Respublika təşkilatlarının köməyi ilə əsaslı təmir edilmiş və ya yenidən qurulmuşdur. Belə ki, 2003-cü ildən bu günə kimi rayonun 5 saylı, Süleymanlı kənd, Sirik kənd orta və 21 saylı əsas məktəbləri üçün yeni bina tikilmiş, 1 saylı orta, Cocuq Mərcanlı kənd, Cəmil Əhmədov adına şəhər, 6 saylı tam orta məktəblərində isə əsaslı təmir və yenidənqurma işləri görülmüşdür. Keçən il sentyabr ayının 15-ə kimi rayonun Şahvəlli, Çullu, Minbaşılı, Yuxarı Mərcanlı, Çərəkən. 6.8,25 saylı tam otra və 22 saylı ümumi orta məktəblərində cari təmir işləri görülmüşdür.
2012-2013-cü tədris ilində isə 25 saylı tam orta, Şahvəlli kənd tam orta, Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəblərinin əsaslı təmir edilməsi, Hovuslu kənd orta məktəbinin isə yenidən tikilməsi qarşıya məqsəd qoyulmuşdur.
Eyni zamanda istilik sisteminin olmaması səbəbindən qış aylarında məktəblərdə uşaqların soyuq şəraitdə dərs keçmələri həmişə bizi və valideynləri çox narahat edirdi. Xüsusən də 2011-2012 ci tədris ilində havaların soyuq keçməsi 2003-cü ildə istifadəyə verilmiş 1-6 saylı qəsəbələrdəki orta məktəblərdə və uşaq bağçalarında istilik sisteminin olmamağı müəyyən problemlər yaratdı. Belə ki, məktəb və bağçalarda kifayət qədər elektrik qızdırıcıları və yanacaqla işləyən keroqazlar qoyulsa da normal istilik yaradılması mümkün olmadı və bu səbəbdən də məcburiyyət qarşısında məktəbləri bir neçə dəfə qeyri-müəyyən müddətə bağlamalı olduq və fasilələri növbəti dərs həftələrində kompensasiya etdik.
Bu problemin bu il də yaşanmaması üçün tərəfimizdən müvafiq tədbirlər görüldü və nəticədə 2012-ci ilin iyul ayından 6 qəsəbədə fəaliyyətdə olan 198 şagird yerlik 6 məktəbdə və 50 yerlik 6 uşaq bağçasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti tərəfindən günəş enerjisi ilə işləyən istilik sistemlərinin quraşdırılmasına başlanmış və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə orta məktəbin 11-ci sinfini bitirmiş 444 məzundan 90.1 faizi və ya 400 nəfəri müvəffəq qiymətlər alaraq attestat almışdır. Bu il ali məktəblərə 293 nəfər sənəd vermişdir ki, onlardan da 241 bu il, 52-i isə ötən il qurtaranlardı. Ümumilikdə ali və orta ixtisas məktəblərinə 236 məzun qəbul olmuş, onlardan 168-i və ya 53.9 faizi ali, 68 nəfər məzun isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Rayon üzrə ali və orta ixtisas məktəblərinə qəbul olma faizi 70.6 faiz təşkil etmişdir. Bu il ali məktəblərə qəbul olunan 168 məzundan 44- ü 400 baldan yuxarı, onlardan 6 nəfəri isə 6 yüzdən çox bal toplamışdır. Fərəhli haldır ki, rayonun Sirik kənd orta məktəbinin məzunu Gülnarə Əmişova 694 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş və Cənab Prezidentin müvafiq Sərəncamı ilə “Prezident təqaüdü”nə layiq görülmüşdür. Rayonun ümumtəhsil məktəbləri üzrə yüksək balla ali məktəblərə qəbul olan məzunlarla 14 sentyabr 2012-ci il tarixdə görüş keçirmiş və onların hər biri pulla mükafatlandırılmışdır.
Lakin görülmüş müsbət işlərlə yanaşı hələ də rayonun ümumtəhsil məktəblərində kompüterlərin sayının az olması ciddi narahatçılıq doğurur. Hazırda ümumtəhsil məktəblərimizdə cəmi 181 kompüter olmaqla hər 46 şagirdə bir kompüter düşür ki, bu da Respublika göstəricisindən xeyli aşağıdır.
Azərbaycan Respublikasının iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlamışdır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 10 il ərzində 10 dəfədən çox artaraq hazırda 650 milyon manatı keçmişdir. Son 10 il ərzində böyük əksəriyyəti respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilmiş, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilmişdir.
Azərbaycan dövləti əhalinin sağlamlığının qorunması və səhiyyə sahəsində qarşıda duran vəzifələri yerinə yetirmək üçün səhiyyəyə ayrılan vəsaitin bundan sonra da ilbəil arrtırmağı, maddi-texniki bazasını gücləndirməyi, icbari tibbi sığortaya keçilməsini, sosial xəstəliklər hesab olunan diabet, hemofiliya, talassemiya, hemodializ, vərəm kimi ağır xəstəliklərlə mübarizəni başlıca hədəf olaraq qarşıya məqsəd qoymuş, bir sıra vacib sahələr üzrə 2013-2020-ci illər üçün xüsusi Dövlət Proqramları təsdiq etməyi nəzərdə tutmuşdur.
Ötən hesabat ilində bilavasitə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə, Saatlı rayonunun Əlisoltanlı və Sabirabad rayonu ərazisindəki Güdəcühür fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkün ailələrinə Mərkəzi Rayon Xəstəxanasının tabeliyində olan 1 ədəd 50 çarpayılıq sahə xəstəxanası, 1 poliklinika, 6 feldşer-mama məntəqəsi, 6 tibb məntəqəsi və rayon Gigiyena və Epidemiologiya Mərkəzi vasitəsi ilə səhiyyə xidməti göstərmidir.
İl ərzində səhiyyə müəssisələrimiz tərəfindən 61215 nəfər abulator qəbul edilmiş, çağırışa əsasən 9991 dəfə evlərə həkim göndərilmişdir. Bu müddətdə ümumilikdə qeydiyyatda olan 1238 xəstəyə 69652 manatlıq, o, cümlədən 782 nəfər imtiyazlı xəstələrə xüsusi reseptlər əsasında 47110 manatlıq dərman preparatları verilmişdir. İllik çarpayı günü 7212 gün təşkil etmişdir ki, bu da çarpayı planının 72 faiz yerinə yetirilməsi deməkdir. İl daxilində Bakı şəhərinin müxtəlif klinikalarına müayinə və müalicə üçün 439 xəstə göndərilmişdir.
Rayonun tibb müəssisələrində xidmətin səviyyəsi yaxşılaşsa da əvvəlki dövrlərdə olduğu kimi yenə də ixtisaslı həkim kadrların çatışmamağı problem olaraq qalmaqdadır. Hazırda rayonda 10 həkim yeri vakantdır.
Ölkəmizdə Azərbaycan xalqının adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərinin qorunub saxlanması milli musiqi və şifahi xalq yaradıcılığının qorunması, Azərbaycan incəsənəti nümunələrinin öyrənilməsi və onların xalqımıza aid olmasının təsdiqlənməsi istiqamətində zəruri işlər görülür. Növbəti on illikdə Mədəniyyət sahəsinin maddi-texniki bazasının artırılması, tarixi ərazilərimizdə tarix və mədəniyyət qoruqlarının yaradılması, Azərbaycanın sahib olduğu zəngin və tolerant irsinin, çoxsaylı tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliğini davam etdirmək qarşıya məqsəd qoyulmuşdur.
Ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan uğurlu islahatlar, imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi Dövlət Proqramları rayon əhalisi arasında geniş təbliğ olunmuş, respublikanın şəhər və rayonlarındakı kompakt yaşayış məntəqələrində fəaliyyət göstərən 3 uşaq musiqi məktəbi, 1 Tarix Diyarşünaslıq Muzeyi, 1 mərkəzi və 25 kənd kitabxanası və 18 kənd klubunda çalışan 290 nəfər mədəniyyət işçisi tərəfindən məcburi köçkün həyatı yaşayan köçkünlərimizə mədəni xidmət göstərilmişdir.
Hesabat dövrü ərzində Ölkə Prezidentinin xarici ölkələrə səfəri, orada keçirilən Beynəlxalq tədbirlərdə iştirakı, Dövlət və hökumət başçıları ilə işgüzar görüşləri təbliğat qruplarının üzvləri tərəfindən əhali arasında geniş təbliğ edilmiş, Respublikanın regionlarına etdiyi çoxsaylı səfəri zamanı keçirdiyi səmərəli görüşlərdə söhbət açdığı fikirlər və tövsiyələr əsaslı faktlarla əhalinin diqqətinə çatdırılmışdır. Təbliğat xarakterli keçirilmiş 392 belə tədbirdə ümumilikdə 26656 nəfər rayon sakini iştirak etmişdir.
Keçən hesabat ilində rayon səviyyəsində xeyli sayda mədəni-kütləvi tədbir keçirilmişdir. Yeni il, 02 fevral “Gənclər günü”, 08 mart “Beynəlxalq Qadınlar günü”, 20 mart Novruz bayramı, 9 may Alman Faşizmi üzərində qələbə günü, 10 may Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü, 15 may “Beynəlxalq Ailə günü”, 28 may Respublika günü, 1 iyun” Uşaqların Müdafiə günü”, 15 iyun “Qurtuluş günü”, 26 iyun Silahlı Qüvvələrin yaranması günü, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 43-cü ildönümü, 12 avqust “Beynəlxalq Gənclər günü”, rayonun ümumtəhsil məktəbləri üzrə yüksək bal toplayaraq Respublikanın ali məktəblərinə qəbul olunan məzunlarla görüş, 15 sentyabr “bilik günü” münasibəti ilə, 21 sentyabr “Sülh günü” , Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 21-ci ildönümü, “9 noyabr Bayraq günü”, “12 noyabr Konstitusiya günü”, “17 noyabr Milli Dirçəliş günü” 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” ilə əlaqədar bayram tədbirləri keçirilmiş, 20 Yanvar-milli hüzn günü, 26 fevral ”Xocalı soyqırımı” və 31 mart “Azərbaycanlıların soyqırımı” günü, “23 avqust”rayonun erməni təcavüzkarları tərəfindən işğal edilməsinin 19-cu ildönüm, 12 dekabr Ulu Öndər Heydər Əliyevin vəfatı ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin tərkib hissəsi olaraq Cənab Prezident “Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı” təsdiq etmiş, müvafiq Sərəncamla 2012-ci ili “İdman ili” elan etmişdir.
“Azərbaycan – 2020; Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin inkişaf Strategiyası, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Təsdiq ediləcək həmin Proqramlar çərçivəsində gənclərin və gənc ailələrin mənzilə olan ehtiyaclarının ödənilməsi məqsədilə sosial ipotekanın şərtləri daha da təkmilləşdiriləcək, sağlamlıq imkanları məhdud olan gənclər üçün istirahət və təlim mərkəzləri istifadəyə veriləcək, xüsusilə ucqar və kənd yerlərində yaşayan gənclərə məlumat-məsləhət xidmətləri şəbəkəsi genişləndiriləcəkdir.
Cənab Prezident bölgələrə səfəri çərçivəsində oktyabr ayının 7 – də Tərtərdə inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak etmiş və mərkəzlə tanışlıqdan sonra burada bölgə gənclərinin nümayəndələri ilə görüş keçirmişdir.
Görüşdə Ölkə başçısı qeyd etmişdir ki, dünyada qloballaşma adı altında baş verən xoşagəlməz meyllərin qarşısını almaq üçün ilk növbədə milli mənəvi dəyərlər ön plana çıxmalı, öz vətəninə bağlı, bilikli, intellektual səviyyəsi yüksək olan gənc nəslin yetişməsinə təkan verilməlidir. Cənab Prezident gənclərlə dialoqda həmçinin ölkəmizin işgüzar nüfuzuna xələl gətirən korrupsiya ilə mübarizə, gənclərin sosial şəbəkələrdən səmərəli formada istifadə edilməsi məsələlərinə də toxunmuş, korrupsiya deyilən bu qlobal problemə qarşı inzibati mübarizə ilə bərabər onu tamamilə mümkünsüz etmək üçün yeni üsullar – Elektron hökumət, yeni sistemlərin tətbiqi və eləcə də “Asan” xidmət mexanizmi yaradılmasının vacibliyini vurğulamışdır.
2011-ci ildən Açıq Hökumət Tərəfdaşlığına qoşulmuş ölkəmizdə dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqi üçün İnformasiya azadlığının təmin edilməsi, elektron hökumətin təşkili, “bir pəncərə” prinsipinin tətbiqi sahəsində bir sıra önəmli addımlar atılmış, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə Cənab Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir. Keçən ilin dekabr ayının 29-da Ölkə başçısı Agentliyin və onun tabeliyində yaradılmış ilk 1 nömrəli “ASAN xidmət” Mərkəzinin açılışında iştirak etmiş və artıq bu Mərkəzin xidmətindən Azərbaycan vətandaşları istifadə edirlər.
Dünyada yeni bir anlayış olan sosial şəbəkədən istifadə məsələsinə toxunan Cənab Prezident müasir gənclərə tövsiyə etmişdir ki, ölkəmiz haqqında dolğun məlumatların bu şəbəkələr vasitəsi ilə dünyaya çatdırılması istiqamətində fəal mövqe nümayiş etdirsinlər.
Bildirim ki, gənclərə Dövlət səviyyəsində göstərilən diqqət və qayğının fonunda rayondan olan gənclərin ictimai-siyasi həyatımızda fəal iştirakına şərait yaradılır, onların intellektual fəaliyyətlə, müxtəlif idman növləri ilə məşğul olmalarına imkan daxilində lazımi dəstək verilir. Bu məqsədlə Beynəlxalq humanitar təşkilatların, onların yaratdıqları yerli qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının layihələri əsasında bilavasitə xidmət ərazimiz olan 11 qəsəbədə məskunlaşmış yeniyetmə və gənclərin idmanla məşğul olması üçün qəsəbə məktəblərində qapalı və açıq idman meydançaları, 1 və 4 saylı qəsəbə ərazisində futbol meydançaları təşkil olunmuş, Dünya Bankının Yaponiya Sosial – İnkişaf Fondunun maliyyələşdirdiyi “məcburi köçkün gənclərin dəstəklənməsi” layihəsi çərçivəsində 3, 6, 8, 10, 11 saylı qəsəbələrdəki klublarda kompüter mərkəzləri yaradılmış və həftənin iş günlərində həmin mərkəzlərə gündə 150 nəfərdən çox gənc oğlan və qız gələrək kompüter öyrənir, bilgilərini artırırlar.
Sevindirici haldır ki, rayondan olan gənclərimiz qəsəbələrdə kütləvi olaraq müxtəlif idman növləri ilə məşğul olur, Respublikada, eləcə də kənar ölkələrdə keçirilən beynəlxalq və dünya yarışlarında fəal iştirak edir, yüksək yer qazanaraq medallarla təltif olunurlar. 08 may 2012-ci il tarixdə Biləsuvar 4 saylı qəsbədə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olmuş 1997 - 1998-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə rayon birinciliyində 65 nəfər idmançımız iştirak etmiş, 100 metr məsafəyə qaçışda Şumalkov Ağamurad Boris oğlu 1 - ci yerə, Quliyev Elməddin Haqverdi oğlu 2 - ci yerə və Şahverənov Rauf Vəzir oğlu 3 – cü yerə laiq görülmüşdür. 2000 metr məsafəyə qaçışda Məmmədov Elvin Xəzər oğlu 1- ci yerə, Əlizadə Mahir Müslüm oğlu 2 -ci yerə və Şumalkov Ağamurad Boris oğlu 3 cü yerə laiq görlmüşlər. Turnikə dartınma növləri üzrə isə Təhməzov Elşən Qədir oğlu 1 - ci yerə, Əzizov Ramazan Ədalət oğlu 2-ci yerə və Allahverdiyev Elçin Heydər oğlu 3 - cü yerə laiq görülmüşlər. Komanda hesabi və növləri üzrə qalib gəlmiş idmançılar Rayon İcra hakimiyyətini başçısının Fəxri fərman və Diplomları ilə təltif edilmişdir.
İcra hakimiyyətinin köməkliyi ilə rayonda idmanın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Yeniyetmə və gənclərin idmana olan marağını artırılmaq məqsədi ilə müxtəlif idman klubları yaradılmış, idmançıların Zona və Respublika çempionatlarında iştirakı təmin edilir.
Universal döyüş növləri üzrə yaradılmış Cəbrayıl klubunun idmançıları 27-28 oktyabr 2012-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində keçirilmiş universal döyüş növləri üzrə Avropa Çempionatında iştirak etmişlər. Çempionatda Babaşov İsmayıl Fərhad oğlu 76 kq çəki dərəcəsində 1-ci yerə, Muradov Əli İsmayıl oğlu 74 kq çəki dərəcəsində 1-ci yerə, Əhmədov Nəriman Əhmədxan oğlu 69 kq çəki dərəcəsində 2-ci yerə və İsgəndərov Vətən Heydər oğlu 63 kq çəki dərəcəsində 2-ci yerə layiq görülmüşlər. Qalib idmançılarımız pul mükafatı ilə mükafatlandırılmışdır.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun icrası olaraq rayonda dini durum daim nəzarətdə saxlanmışdır. 30%-dən çox əhalimizin məskunlaşdığı Biləsuvar rayon ərazisindəki qəsəbələrdə və respublikanın müxtəlif bölgələrində məskunlaşmış əhali, xüsusən də arasında müxtəlif dini cərəyanlara meyllənmə hallarının qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülmüş, rayon gənclərinin milli-mənəvi və dini dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması istiqamətində ardıcıl işlər həyata keçirilmişdir. Bu məqsədlə Şura iclaslarında, rayon müşavirələrində “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin icrası vəziyyəti vaxtaşırı müzakirə edilir, rayon ictimaiyyəti fəallarının iştirakı ilə “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda vaxtaşırı seminar-treninqlər keçirilir, dəyərli təhlillər və söhbətlər aparılır. Görülən profilaktiki tədbirlərin nəticəsidir ki, hazırda rayon əhalisi arasında ifrat dinçiliyə meylli şəxslərin sayı azlıq təşkil edir.
Rayon hüquq-mühafizə orqanları ilə birgə aparılan qabaqlayıcı tədbirlər sayəsində rayonda ictimai-siyasi vəziyyət stabil saxlanmış, vətəndaşların qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. Yalnız il ərzində 20 minə yaxın məcburi köçkünün məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 1 cinayət hadisəsi qeydə alınmışdır. Belə ki, 02 sentyabr 2012-ci il tarixdə Yevlax rayon sakini 11 saylı qəsəbədə məskunlaşmış Cəbrayıllı məcburi köçkünü aralarında yaranmış mübahisə nəticəsində qətlə yetirmişdir.
Hazırda rayonda vəziyyət tam stabildir, əhalinin narahatlığına və narazılığına əsas verən ciddi problem yoxdur.
Təsdiq edilmiş qrafikə əsasən 2012-ci ilin yekunları ilə bağlı 2013-cü il yanvar ayının 10-dan 24-ə kimi rayonda mövcud olan 23 inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat yığıncaqları keçirilmişdir. İcra Hakimiyyətinin Başçısı, Milli Məclisin rayondan seçilmiş deputatı, Şura üzvləri, aparatın məsul işçiləri və aidiyyəti xidmət təşkilatlarının rəhbərləri bu yığıncaqlarda iştirak etmişdir. Əvvəlki illərdə olduğu kimi bu il də hesabatdan əvvəl hər bir nümayəndə və müavin bir neçə sıx məskunlaşma yerlərində əhaliləri ilə görüşlər keçirmiş, il ərzində rayon və nümayəndəlik səviyyəsində görülmüş işlər barədə onlara hesabat xarakterli məlumatlar çatdırmışlar. Nümayəndəliklərin hesabat yığıncaqlarında 1965 nəfər rayon əhalisi iştirak etmiş və nəfər çıxış edərək xeyli təklif və tənqidi qeydlər səsləndirmişdir. Qaldırılan hər bir təklif və iradlar qeyd edilməklə ümumiləşdirilərək tədbirlər planı təsdiq edilmiş və icrası ciddi nəzarətə götürülmüşdür.
Ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixində 800 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyasına” əsasən yaxın beş ildə ölkə əhalisinin əsas növ ərzaq məhsullarına olan tələbatını bütünlüklə daxili istehsal hesabına təmin edilməsi nəzərdə tutulur. Göstərilən hədəflərə çatmaq məqsədi ilə kənd təsərrüfatının bütün sahələrində intensiv texnologiyalarının tətbiqi zəruridir. Ötən il rayonda da bu sahədə xeyli iş görülmüşdür. Belə ki, 6892 ton taxıl, 415 ton kartof, 557 ton tərəvəz, 57,6 ton qarğıdalı, 400 ton şəkər çuğunduru, 76 ton bostan məhsulları istehsal edilmişdir. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına uyğun olaraq son 5 ildə 750 hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, əkin sahəsinin suvarma suyu ilə normal təmin edilməsi məqsədi ilə qəsəbələr ərazisində 3 nasos stansiyası qurulmuşdur. Əkinçilikdə yüksək innovasiyaların tətbiqi genişləndirilmişdir. Rayonda ilk dəfə olaraq məhsul istehsalçılarını yüksək repreduksiyalı və məhsuldar toxumlarla təmin etmək məqsədi ilə özəl əsaslarla toxumçuluq təsərrüfatı yaradılmışdır. Cari ilin sonunda taxılçılıqla məşğul olan istehsalçıların əksəriyyəti məhsuldar toxumlarla təmin edilməsi mümkün olacaqdır. Torpaqların münbitliyinin qorunması məqəsədi ilə ərzaidə mövcud olan əkin sahələrinin 35%-də növbəli əkin sisteminin tətbiqi təmin edilmişdir. İstehsalçılara texniki dəstək məqsədi ilə rayon “Aqroservis” xidmətinin balansında olan 65 adda müxtəlif texnika onların istifadəsinə verilmişdir. İstehsalçılara dövlət dəstəyi çərçivəsində 300 tondan çox güzəştli qiymətlə müxtəlif mineral gübrə satışı həyata keçirilmişdir. Cari ilin məhsulu üçün əkilmiş sahələrdən yüksək məhsul əldə edilməsi üçün intensiv texnologiyalar tətbiq etdirilməklə becərmələr davam etdirilir.
Ötən il rayonda iribuynuzlu qaramalın sayı 9961 başa, xırda buynuzluların sayı 109,9 min başa, ev quşlarının sayı 86,5 min başa çatmış, kəsilmiş çəkidə 760 ton ət, 5810 ton süd, 120 ton yun, 3 milyon 210 min ədədə yumurta istehsal edilmişdir. Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində xeyli irəliləyişə nail olunmuşdur. Yüksək məhsuldar cinslərin yetişdirilməsi məqsədi ilə ötən il 3 nəfər mütəxəssis lisenziya üzrə 329 baş inək və düyədə süni mayalanma apararmış, ötən ilin sonuna artıq 24 baş cins buzov alınmışdır. Cari ildə bu işlərin 2 dəfədən çox artırılacağı proqnozlaşdırılır. Heyvanlar arasında profilaktiki baytarlıq tədbirlərinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə ötən ilin dekabr ayında Sahibkarlığa kömək Milli Fondu tərəfindən 28 sahibkara 140 min manat, Bank olmayan “Qafqaz Kredit”MMC tərəfindən isə ötən il 272 nəfər sahibkarlıq subyektinə 235 min manat kredit verilmişdir. Alınmış kreditlər hesabına qəsəbələr ərazisində 3 fərdi təsərrüfatda 60 başdan çox, 29 təsərrüfatda 10 başdan çox olmaqla ətlik heyvandarlıq təsərrüfatının yaradılmasına nail olunmuşdur. Hazırda həmin təsərrüfatlarda hər biri 350-450 kq olan heyvanların satışına başlanmışdır. Qəsəbələrdə məskunlaşmış ailələri sanitar qaydalara uyğun ət məhsulları ilə təmin etmək məqsədi ilə ərazidə 7 kiçik kəsim məntəqəsi təşkil edilmişdir.
Ümumilikdə rayon üzrə ötən il 9,9 milyon manatlıq ümumdaxili məhsul buraxılışı olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 420,6 min manat və ya 4.4% çoxdur.
Cari ildə aqrar sahədə çalışan işçilərimizin qarşısında daha məsuliyyətli vəzifələr durur. Dövlət Proqramı üzrə 2013-cü ilin hədəf göstəricilərinə çatmaq üçün bütün sahələrdə yüksək innovativ texnologiyaların tətbiqi daha da genişləndiriləcək, istehsalçılara hərtərəfli dəstək gücləndiriləcəkdir.
Əhalimizin kompakt məskunlaşdığı qəsəbələrdə əhaliyə kommunal xidmətlərin göstərilməsi daim diqqətdə saxlanmış köçkünlərimiz il ərzində fasiləsiz olaraq enerji, içməli su, payız-qış aylarında hər bir ailə 40 litr hesabı ilə dizel yanacağı ilə təmin olunmuş, Ölkə başçısının tapşırığı ilə 11 qəsəbəyə hami təşkilat olaraq ayrılmış Azərbaycan Respublikası Gömrük Komitəsinin əməkdaşları bütün bayramlarda burada məskunlaşmış köçkün ailələrinə bayram sovqatı paylamışdır.
Kommunal xidməti həyata keçirən Mənzil İstismar sahəsi tərəfindən keçən il qəsəbələrdə əsaslı təmirə ciddi ehtiyacı olan evlərdən 41-də təmir aparılmış, növbəti ildə isə təmiri ləngiyən 70 mənzildə lazımı təmir-bərpa işlərinin görülməsi, 7, 8, 9, 10 və 11 saylı qəsəbələrdə daxili ara yolların qumlanması üçün müvafiq tədbirlər görüləcəkdir.
Qəsəbələrin elektrik enerjisi ilə təminatda heç bir fasilə olmamış, köçkünlərimiz il ərzində fasiləsiz olaraq enerji ilə təmin olunmuşlar.
Ölkəmizdə İKT sahəsində uğurlu addımlar atılmış, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Mili Fəaliyyət Planı” təsdiq edilmiş və bu sahəyə göstərilən diqqət və qayğının təzahürü olaraq Cənab Prezident 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir.
Sosial-iqtisadi təhlillərinin aparılmasını, inkişaf meyllərinin müəyyənləşdirilməsini və proqnozlaşdırılmasını, ictimai-siyasi vəziyyətin qiymətləndirilməsini, yerli icra hakimiyyətlərinin fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini yalnız yüksək biliyə və bacarığa malik peşəkar kadrlarla həyata keçirmək mümkündür. Bu baxımdan rayon icra hakimiyyətinin aparatlarına və nümayəndəliklərə ali təhsilli, yeni düşüncəli kadrların seçilib yerləşdirilməsi vacib vəzifələrdən biri kimi qarşıda durur.
Kadrlara dair məlumatların təhlili göstərir ki, son beş ildə görülmüş tədbirlər nəticəsində icra hakimiyyəti başçılarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçularının orta yaş həddi 48,6-dan hazırki vəziyyətə 44-ə enmiş, 30 yaşadək gənclərin sayı 13.5%, qadınlar isə 16.2% təşkil edir.
Son illərdə nümayəndəliklərdə yaranan vakant vəzifələrə gənclərin irəli çəkilməsinə diqqət yetirildiyindən hazırkı vəziyyətə 23 ərazi nümayəndəliyində çalışan 70 nəfər dövlət qulluqçusunun orta yaş həddi 2009-cu ildəkindən 11 yaş azalaraq 38.5 yaşa enmişdir. Ondan 15 nəfəri və ya 21%-i 30 yaşa kimi gənclər, 9 nəfəri və ya 13%-i isə qadınlardır.
Qadın kadrlarının irəli çəkilməsi, xüsusən də onların icra hakimiyyətinin aparatında rəhbər vəzifələrinə təyin edilməsi hədəf olaraq daim diqqət mərkəzində saxlanır. Vakansiyalar yaranarkən uyğun vəzifələr birinci növbədə qadın kadrlara təklif olunur və bundan sonra da bu tendensiya davam etdiriləcəkdir.
Keçən hesabat ilində icra hakimiyyətinin Bakı şəhərində fəaliyyət göstərən rayon Qərargahı vasitəsi ilə Bakı – Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşmış rayon əhalisi ilə işlək əlaqələr qurulmuş, burada fəaliyyət göstərən əməkdaşlarımız tərəfindən onlara rayonun aidiyyəti qurumlarından lazım olan arayış və digər hüquqi sənədlərin verilməsinə lazımi köməkliklər göstərilmişdir.
Respublikamızın uğurlu inkişaf strategiyasında mühüm rol oynayan Azərbaycan vətəndaşı Dövlət orqanlarının daim diqqət mərkəzində saxlanılmalı, vətəndaşlar tərəfindən edilən hər bir müraciətə qarşı həssas və qayğıkeş münasibət göstərilməli, müraciətlərdə vətəndaşları narahat edən məsələlərin vaxtlı-vaxtında, obyektiv və ədalətli həll edilməsi tam təmin olunmalı və bu barədə onlara qənaətləndirici cavablar və izahatlar verilməlidir. Rayon İcra Hakimiyyəti həmişə olduğu kimi ötən ildə də fəaliyyətini bu prinsiplər əsasında qurmuşdur. Aparılan səmərəli iş nəticəsində ötən illərlə müqayisədə 2012-ci il ərzində yuxarı instansiya dövlət orqanlarına və birbaşa İcra Hakimiyyətinə edilən vətəndaş müraciətləri nəzərəçarpacaq dərəcədə azalmışdır. Belə ki, 2012-ci il ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 634 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 40 ədədi Prezident Administrasiyasından, 3-ü Milli Məclisdən, 166-sı Nazirlər Kabinetindən, 83-ü digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 292 ədədi yuxarı təşkilatlardan, 342 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.
Daxil olmuş müraciətlərdən 353-ü əhalinin sosial müdafiəsi məsələləri, 120-si mənzil, 48-i sahibkarlığın inkişafı, 35-i ailə və məişət, 26-sı kənd təsərrüfatı, 13-ü səhiyyə, 8-i enerji və istilik təchizatı, 5-i təhsil, 4-ü hüquq, 2-si nəqliyyat, 1-i su, 19-u isə digər məsələlərlə bağlı olmuşdur. 634 ədəd yazılı müraciətdən 297-si müsbət həll edilmiş, 17-si qismən həll olunmuş, 283-nə müvafiq izahat verilmiş, 31-i əsassız hesab edilmiş, 6-sı isə aidiyyəti üzrə göndərilmişdir. Vətəndaşlardan daxil olmuş yazılı müraciətlərin hamısı diqqətlə araşdırılmış və nəticə barədə onlara birbaşa məktubla cavab göndərilmişdir.
2012-ci il ərzində Rayon icra Hakimiyyətinin başçısı tərəfindən rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon qərargahında 73, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 9, Sumqayıt şəhərində 6, Saatlı rayonunda 3, Abşeron rayonunda 2, Sabirabad rayonunda 2, Şirvan, Şabran, Kürdəmir, Gəncə, Şəmkir, Mingəçevir, Qax, Şəki, Zaqatala, Oğuz, Yevlax, İsmayıllı, Şamaxı, Qobustan rayonlarının hər birində isə 1 dəfə olmaqla ümumilikdə 109 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 5000 nəfərə yaxın rayon sakini iştirak etmiş və 619 rayon sakini tərəfindən 560 təklif səsləndirilmişdir.
Səsləndirilmiş 560 təklifdən 328-i müsbət həll edilmiş, 227-si barədə müvafiq tədbir görülmüş, 5-i barədə aidiyyəti üzrə məsələ qaldırılaraq nəzarətdə saxlanılır.
Vətəndaşlardan daxil olmuş təkliflərin 11-i gənc ailələrin ailə təsərrüfatından ayrılması, 9-u ölkədaxili qeydiyyat məsələləri, 9-u torpaq məsələləri, 40-ı təhsil, 54-ü mənzil, 2-si məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 4-ü sosial obyektlərin tikintisi, 5-i sosial obyektlərin təmiri, 6-sı sosial obyektlərin təchizatı, 42-si işlə təmin olunma, 2-si əmək haqqı məsələləri, 6-sı elektrik enerjisi ilə təchizat, 11-i içməli su təchizatı, 8-i qaz və istilik təchizatı, 3-ü suvarma suyu ilə təchizat, 4-ü yemək xərci müavinəti, 131-i məcburi köçkünlük statusu, 158-i maddi yardım göstərilməsi, 9-u yol və nəqliyyat məsələləri, 1-i rabitə və internet xidməti məsələləri, 2-si məişət məsələləri, 4-ü müharibə veteranı adı verilməsi, 6-sı ünvanlı sosial yardım, 4-ü pensiyə məsələsi, 2-si plastik kart məsələsi, 27-i isə digər cari məsələlərlə bağlı olmuşdur.
Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2012-ci il ərzində 27 Şura iclası keçirilməsi nəzərdə tutulmuş və aktuallığı nəzərə alınaraq 5-i də əlavə edilməklə 30 Şura iclasında 32 məsələ müzakirə edilmişdir.
Müzakirə edilən məsələlərdən 4-ü ilin və rübün sosial-iqtisadi inkişafının yekunları, 2-si nümayəndəliklərdə əhali ilə aparılan iş, 2-si vətəndaş müraciətlərinə baxılması, 4-ü təhsil, 4-ü kənd təsərrüfatı, 3-ü Dövlət Proqramlarının və Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarının icrası, 2-si RİHB yanında Komissiyaların işi haqqında, 1-i nümayəndəliklərdə keçirilmiş hesabat yığıncaqları, 1-i ictimai təşkilatlar və siyasi partiyalarla aparılan iş, 1-i mədəniyyət, 1-i səhiyyə, 1-i idman, 1-i yaşıllaşdırma və abadlıq, 1-i gənclərin hərbi qeydiyyata alınması və xidmətə göndərilməsi, 1-i qışa hazırlıqla bağlı görülən işlər barədə, 1-i 2011-ci ilin yekunlarına dair RİH başçısının hesabat yığıncağında irəli sürülmüş təklif və tənqidi qeydlərin icrası haqqında, 1-i “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən edilmiş vəzifələrin icrası barədə, 1-i isə əhalinin içməli su təminatı ilə bağlı olmuşdur.
2012-ci il ərzində Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq ayda bir dəfə olmaqla 12 müşavirə keçirilmişdir. Müşavirələrdə rayon əhalisinin müvəqqəti məskunlaşma ünvanları üzrə dislokasiyasının dəqiqləşdirilməsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrində, Gənclər və İdman idarəsində sənədlərlə işin təşkili və kargüzarlıq xidmətinin yaxşılaşdırılması, yaz əkini kompaniyasına hazırlıq, “Qeyri-ənənəvi islam təriqətləri və cərəyanları” barədə rayon əhalisinin maarifləndirilməsi, Rayon “Aqroservis” Müəssisəsi və digər əlaqədar xidmət təşkilatların taxıl biçininə hazırlığı, Ünvanlı sosial yardımın, pensiya və müavinətlərin təyin edilməsi qaydaları barədə əhalinin maarifləndirilməsi, Taxıl biçininin yekunu, təkrar qarğıdalı əkini və mövcud əkinlərin suvarma suyu ilə təminatı vəziyyəti, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin izahı, Rayon İcra hakimiyyətində yeni yaradılmış operativ idarəetmə mərkəzinin işi və vəzifələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə kargüzarlıq işlərinin görülməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi məqsədi ilə “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin sahə işçilərinə çatdırılması, Rayon İcra hakimiyyətinin nəzdində yaradılmış “İstehlak mallarının qiymətlərinə və keyfiyyətinə nəzarət üzrə İctimai komissiya”nın sahibkarlıq subyektlərində keçirdiyi reydlərin nəticələri, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında əhəmiyyətli metodlardan olan süni mayalama işinin genişləndirilməsi barədə məsələlər müzakirə olunmuşdur.
İl ərzində keçirilən Şura iclaslarında və rayon müşavirələrində müzakirəyə çıxarılmış bütün məsələlər əhatəli təhlil edilmiş və icraya yönələn müvafiq qərarlar qəbul edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevi əmin edirəm ki, dövlətə daim sədaqətləri ilə seçilən Cəbrayıllılar Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezidentin rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasəti həmişə müdafiə edəcək, onun ətrafında sıx birləşməklə torpaqlarımızın işğaldan azad edilməsi, müstəqil Azərbaycanımızın ilbəil inkişaf etdirilməsi istiqamətində apardığı siyasətə daim dəstək olacaqdır.