Şriftin ölçüsü :

Saytın rəngi :

Su həyat deməkdir

27 iyul 2020 | 16:00

Yer kürəsində əhalinin sayı artdıqca və eləcə də qlobal iqlim dəyişikliyi yaşandıqca içməli suya olan təlabat gün-gündən artır. Suya qənaət etmədən istifadə, su qaynaqlarının quruması, meşələrin miqyasının və yağıntıların azalması ilə gələcəkdə böyük su probleminin yaranacağını əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Hazırda bu problemlər bir çox ölkələrdə görünməkdədir. Azərbaycan da dünyanın bir parçası olaraq qlobal problemlərdən sığortalanmayıb. Ölkəmizin bəzi bölgələrində son zamanlar yaşanan su çatışmazılığı bir tərəfdən iqlim dəyişikliyi ilə əlaqəlidirsə, digər tərəfdən bir sıra hallarda aidiyyəti qurumların fəaliyyətindəki çatışmazlıqlarla bağlıdır.
   Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə də sözügedən məsələyə toxunulması fikirlərimizi təsdiq edir. Müşavirədə dövlət başçısı əvvəlcə bildirib ki, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. “Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək, hətta bzim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir” – deyən Prezident respublika ərazisində həyata keçirilən qazlaşdırma layihələrinə də toxunub. O qeyd edib ki, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Sonra nəqliyyat infrastrukturunun böyük dərəcədə müasirləşdiyini, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycanın dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdə olduğunu xatırladan dövlət başçısının sözlərinə görə, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir.
    “Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idisə, bu gün bu rəqəm təxminən 82 faizdir. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idisə, bu gün bu rəqəm 63 faizdir: “Lakin bu uğurlara baxmayaraq cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır. Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər.
   Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Suya qənaət olunmalı, bu işə xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
   Son illərdə ölkəmizdə məhz cənab prezidentin göstərşi ilə suvarma suyu ilə bağlı görülmüş işlər də diqqətəlayiq olmalıdır. Həqiqətən də, indi daha aydın görünür ki, əgər zamanında sərəncamlar imzalanmasaydı, bu işləri görülməsəydi, bu gün vəziyyətimiz çox ağır ola bilərdi. Həmin layihələr həm içməli su layihəsi, həm də suvarma suyu layihəsi kimi xidmət göstərir. Son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Neftdən gələn gəlirlərin düzgün xərclənməsi, cənab Prezidentin rəhbərliyi ilə təxirəsalınmaz layihələrin həyata keçirilməsi qara qızılın insan kapitalına çevirməsinin əyani sübutudur.
   Biz bir daha əmin olduq ki, yarana biləcək bütün problemlər dövlət nəzarətindədir və ölkəmiz üçün təhlükə yarada biləcək hər məsələ vətəndaşların xeyrinə həll edilir. Azərəbaycan vətəndaşı onu düşünən prezidentinin yanındadır və onun atacağı hər bir addımı dəstəkləyir.

Keçidlər