Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və müharibə əlilləri daim dövlətin diqqət mərkəzindədir

24 iyul 2020 | 16:00

Müstəqil Azərbaycan məqsədyönlü siyasət yürüdən, yalnız öz daxili imkanlarına arxalanaraq uğurla və sürətlə inkişaf edən, dünya miqyasında nüfuzu olan bir dövlətdir.
Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirib. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə daha da geniş sosial layihələr həyata keçirilir.
   Daim hər bir azərbaycanlının yanında olan, onların problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə hər zaman xüsusi qayğı ilə yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etmələri də bunun daha bir nümayişi oldu.
Dövlətimiz tərəfindən şəhid ailələri və müharibə əlillərinə diqqət və qayğının göstərilməsi həmişə ön planda olmuşdur. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş 12 mindən çox hərbi qulluqçuların 18 mindən çox vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmənin təyin edilməsi, eyni zamanda dövlət başçısının sərəncamları ilə hər il Böyük Vətən Müharibəsinin ildönümündə Böyük Vətən Müharibəsi əlillərinə, iştirakçılarına və onlara bərabər tutulanlara birdəfəlik yardımların verilməsi bunu bir daha sübut edir. Qeyd etmək lazımdır ki, bu günədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə isə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil artıq təqdim olunub. Xatırladaq ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunmuşdu. 2020-ci ildə isə bu qəbildən olan insanlara 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Ümumilikdə isə bu günə kimi müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.
   Onu da qeyd etmək lazımdır ki, sosial sahədə də çox böyük işlər görülümüşdür. Belə ki, keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq - 250 manatdan 300 manata çatdırılmışdır. Köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırılmışdır. Fərəhləndirici haldır ki, bütün dünyanın koronavirus təhlükəsinə qarşı mübarizə apardığı, bütün qüvvə və vəsaitlərin məlum problemin həllinə sərf edildiyi, pandemiyanın davam etdiyi bir zamanda  ölkəmizdə 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunmuşdur. Bu işlərin davamı kimi insanlarımızın sağlamlığının qorunması məqsədi ilə yeni modul tipli xəstəxanalar tikilimiş və həmin xəstəxanalara xarici ölkələrdən də mütəxəssislər, həkimlər cəlb edilmişdir.
   Cari ildə pensiyaçıların pensiyaları orta hesabla 27 faiz, orta əməkhaqqı isə 25 faiz artırılmış, 90 min insanın ödənişli ictimai iş yerləri ilə təmin ediləcəyi nəzərdə tutulmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.
   İyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində xaincəsinə təxribat həyata keçirən Ermənistanın artilleriya hücumu nəticəsində şəhid olan hərbçilərimizin də ailələri bu gün dövlətin diqqətindədir.  Təxribatının qarşısının alınması zamanı  şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də diqqət və qayğının daha bir nümunə idi: “Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq”.

 

 

 

Keçidlər