Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır
Azərbaycan Ordusu şanlı Aprel, uğurlu Naxçıvan əməliyyatından sonra Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatla bir daha üzləmiş oldu. İşğalçı ölkənin Silahlı Qüvvələri erməni xislətinə tam uyğun şəkildə yenə də mülki əhalini, yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdu. Bunun nəticəsində həmin kəndlərdə yaşayan əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə iyulun 20-də Ölkə Prezidenti “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı.
Sərəncamdan irəli gələn tapşırıqa uyğun olaraq artıq qarşıya qoyulan vəzifələrin icrasına başlanılıb. Bu da onun göstəricisidir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır. Prezidentin sərəncamından dərhal sonra Tovuz rayonunda başlanan bərpa işləri və görülən təcili tədbirlər, məhz deyilənlərin əyani sübutudur. Bu məqsədlə İşçi Qrupu yaradılıb, ekspertlər rayona ezam olunub. Əlbəttə, təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.
İlkin qiymətləndirmələrə görə Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə ciddi ziyan dəyib, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Eyni zamanda kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu da sıradan çıxmışdır.
Həm vətəndaşlar, həm də dövlət əmlakına dəyən ziyanın tezliklə aradan qaldırılması bilavasitə Prezident İlham Əliyevin nəzarətindədir. Bütün qüvvələr səfərbər edilib ki, kəndlərdə həyat tezliklə əvvəlki axarına qayıtsın. Bununla yanaşı Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində mühüm addımlar atılır. Dövlət başçısının tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva da Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib, onların ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Azərbaycan dövləti eyni zamanda vətəndaşının təhlükəsiz yaşaması üçün bütün təbirləri görür, insanlar Ordumuzun qüdrətinə arxayındırlar.
Məlumdur ki, Ermənistan illərdir vandalizm siyasətinin davam etdirir. Təsadüfi deyil ki, məhz atəşkəs dövründə 30-dan çox azyaşlı uşaq erməni snayperinin qurbanı olub. Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin Aprel döyüşləri zamanı da düşmən Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmuşdu. Nəticədə mülki əhalidən 6 nəfər həlak olmuşdu, 26 nəfər yaralanmış, 445 evə, 2 tibb məntəqəsinə, 5 məktəbə, 2 uşaq bağçasına, digər sosial və inzibati binalara ciddi ziyan dəymişdi. Ancaq prezidentin Sərəncamı ilə həmin vaxt Ağdam və Tərtər rayonların hər birinə 3 milyon manat vəsait ayrıldı, dəymiş ziyan altı ay ərzində bərpa olundu. Belə ki, Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikildi, 8 ev bərpa olundu. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparıldı. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görüldü.
Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikildi, 15 ev tamamilə bərpa olundu, 27 ev əsaslı təmir edildi, 693 evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilmişdir.
Azərbaycan eyni zamanda cəbhəyanı rayonlarda infrastruktur bərpa etməklə yanaşı yeni qəsəbələr salır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. 2 aprel 2016-cı il görüşlərindən sonra Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər buna əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Bir sözlə kənd bütün infrastrukturlarla birlikdə tam bərpa edilib. İndi Cocuq Mərcanlı kəndi təkcə Cocuq Mərcanlılar üçün deyil Cəbrayıllılar, eləcə də bütün Azərbaycanlılar üçün mənəvi rahatlıq yeridir. Vətənpərvər insanlar Cocuq Mərcanlıya gələrək oranı ziyarət edir və inanırlar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız şanlı ordumuz tərəfindən tezliklə azad ediləcəkdir. Azərbaycan əsgəri kimi, cəbhə bölgəsində yaşayan hər bir Azərbaycan vətəndaşı da öz əzmi, şücaəti ilə düşmənin istənilən təxribatına cavab verməyə hazırdır.