BMT bu qlobal problemin həllindən kənarda qalmamalıdır
Qoşulmama Hərəkatına (QH) sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hərəkata üzv ölkələr adından BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təklif verilib. Dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında qlobal pandemiyaya qarşı təklif edilən Xüsusi sessiyanın keçirilməsi təşəbbüsü, həm QH-nə üzv ölkələr, həm də BMT-nin 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli coğrafiya və iqlimlərdə yerləşən, fərqli nüfuza malik dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın öz müsahibələrində verdiyi məlumata görə Rusiya tərəfi Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirir və Xüsusi sessiyanın təşkili yönündə əməkdaşlığa hazırdır. Təbii ki, dünyanın 130 ölkəsinin dəstəyi həm mövzunun aktuallığı, qlobal həmrəyliyə olan ehtiyacla bağlıdır, həm də, təşəbbüs göstərən tərəfə - Azərbaycana bəslənən ehtiramın, hörmətin ifadəsidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan-BMT əməkdaşlığının örnək bir tarixcəsi var. Hələ bir neçə il bundan əvvəl Azərbaycan BMT-nin 155 üzvünün dəstəyini qazanaraq, TŞ-nin keçici üzvü statusunu qazanmışdı. BMT səviyyəsində məhz Azərbaycanın təşəbbüskarlıqları, habelə bəşəri məsuliyyəti dərk etməkdən irəli gələn qərarlarda dövlətimizin prinsipial, sabit mövqeyi dəfələrlə öz parlaq ifadəsini tapıb.
“Ümidvarıq ki, pandemiyaya görə iş rejimində fasilə və dəyişikliklər yaranmış BMT Azərbaycan Prezidentinin qlobal mövzuda irəli sürdüyü təşəbbüsə cavab olaraq öz rəsmi fəaliyyətini bərpa edəcək. Bununla da, pandemiya ilə mübarizə kimi önəmli məsələnin müzakirəsini aparmaq imkanlarını təmin edə biləcək. İnanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti qlobal pandemiyanın əlindən xilas etməyə imkan verən önəmli qərarlar veriləcək və bu qərarlar dünya miqyasında yeni situasiya yarada biləcək. Əlbəttə, yeni situasiya özünü daha çox həmrəylikdə, yardımlaşmaqda, vahid mövqenin hasil olmasında göstərməlidir.
BMT-nin tarixində indiyədək 31 dəfə Xüsusi sessiya keçirilib. Bunlardan yalnız üçü üzv dövlətlər tərəfindən çağırılıb. Lakin Azərbaycanın təklifi ilə baş tutan Xüsusi sessiya, dövlət və hökumət başçıları səviyyəsində və məhz videokonfrans formatında keçiriləcək bir ilkdir.
BMT Baş Assambleyası pandemiya ilə bağlı özünün bilavasitə fəaliyyətini mart ayından etibarən dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ dəqiq bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı barədə ehtimallar səslənir. Nəzəri cəhətdən, BMT ümumiyyətlə, bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs, dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim və necə məşğul olmalıdır?! BMT dünyada ən böyük beynəlxalq platformadır, buna heç kəs şübhə etmir. Bəs burada sual yaranmazmı ki, pandemiya kimi qlobal problemin müzakirəsi ilə ən böyük qlobal təşkilat olan BMT niyə məşğul olmur? Axı bəşəriyyətin məhz BMT-dən böyük gözləntiləri var və bu da, çox təbiidir. Bu gün pandemiya ilə yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məşğul olur. ÜST məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Bəs məsələnin siyasi, iqtisadi, sosial-psixoloji və digər aspektləri necə olsun? Belə çətin dönəmdə BMT-nin rolu mütləqdir. Belə bir dövrdə qlobal liderliyi və başqa sözlə desək, qlobal məsuliyyəti kim öz üzərinə götürməlidir? Etiraf etmək lazımdır ki, bu addımı atmalı olan böyük dövlətlər qlobal həmrəylik göstərməkdənsə, “özünə qapanma” yolunu üstün tutdu. Bir tərəfdən, xeyirxahlıq, yardımlaşma, məsuliyyətdən uzaq durmamaq kimi xüsusiyyətlərimiz, digər tərəfdən iki beynəlxalq quruma Azərbaycan Prezidentinin sədrliyinin verdiyi missiya Azərbaycanın təşəbbüskarlığını şərtləndirmiş oldu. Azərbaycan sübut etdi ki, beynəlxalq platformalara başçılıq etmək formal xarakter daşımamalıdır.
Xüsusi sessiya mümkün qədər tez təşkil olunacaq; cənab Prezidentin irəli sürdüyü, QH üzvlərinin müdafiə etdiyi təşəbbüs, dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunduğu üçün artıq Xüsusi sessiyanın keçirilməsi yalnız QH üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
BMT çərçivəsində virtual Xüsusi sessiyanın keçirilməsi bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmamalı, ləngitməməlidir. Əlbəttə, qaydalar önəmlidir, amma mövcud şəraitdə BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət II Dünya müharibəsindən bu yana, ən böyük təhlükə ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək, bu qlobal problemin həllindən kənarda qalmamalıdır.