Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir
Dünyanın başı üzərini alan koronavirus pandemiyası ağır fəsadlar törətməkdə davam edir. Bütövlükdə, bu virusa yoluxanların və dünyasını dəyişənlərin sayına diqqət yetirdikdə sanki bəşəriyyətin gözəgörünməz müharibə ilə üz-üzə dayandığının şahidi oluruq. Azərbaycan da dünyanın bir parçası olduğundan koronavirus bəlasından yan keçməyib. Ancaq dövlətimizin başçısının düşünülmüş qabaqlayıcı tədbirləri pandemiyanın ölkəmizdə tüğyan etməsinin qarşısını ala bilib.
Ölkəmizdə qısa müddət ərzində səhiyyə sistemində aparılan islahatlar, səhiyyə ocaqlarında yenidənqurma işləri, maddi-texniki bazanın gücləndirilməsi, ən əsası, yeni modul tipli xəstəxanaların tikilməsi pandemiya ilə mübarizədə önəmli rol oynayır. Bu günə kimi dövlətimizin başçısının tapşırığına əsasən respublikamızda 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıb. Artıq altı belə modul tipli xəstəxana tikilərək istifadəyə verilib ki bu da bütövlükdə modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradacaq. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Fevral ayında ölkədə cəmi altı laboratoriya olsa da, hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu isə imkan verəcək ki, daha çox test aparılsın. Məhz görülən işlərin nəticəsidir ki, bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan 800 çarpayılıq modul tipli hospitalının açılışı isə dövlətimizin vətəndaşların sağlamlığının qorunmasına xidmət edən növbəti addımlarından biridir.
Qeyd etmək lazımdır ki, pandemiyanın tüğyan etdiyi vaxtda ölkəmizdə sosial proqramların icrası dayandırılmayıb. Beynəlxalq səviyyədə keçirilən tədbirlərə Azərbaycan dövləti daha çox üstünlük verib. Dövlət başçısının təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında zirvə görüşlərinin keçirilməsi bunu bir daha sübut edir. Bu yaxınlarda keçirilən Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşü də çox önəmli oldu. Hər üç dövlətin başçısının konkret nəticələrə gəlməsi zirvə görüşünün əhəmiyyətli olmasından xəbər verir. Ölkə başçımız bu zirvə görüşündə də daha bir təşəbbüs göstərdi və hökumətlərarası işçi qruplarının yaradılması barədə razılıq əldə olundu.
Bu günlərdə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar təşəbbüsü dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Bu dünya dövlətlərinin Azərbaycana olan böyük hörmətinin və etimadının nəticəsi idi. Baxmayaraq ki, yalnız işğalçı Ermənistan bu təşəbbüsün əleyhinə çıxdı. Bununla da Ermənistan özünü dünya dövlətlərindən təcrid etmiş oldu. Onsuz da gülünc vəziyyətdə olan Nikol Paşinyan və onun rəhbərlik etdiyi işğalçı Ermənistan bir daha gülünc vəziyyətə düşdü. Əlbəttə ki, beynəlxalq təşkilatların ikili standartları və Ermənistanın beynəlxalq hüququn normalarına hörmətsizliyinə biganəliyi işğalçı ölkəni daha da həyasızlaşdırıb. Artıq bu ölkədə faşist ideologiyasına hüsn-rəğbət geniş yayılmaqdadır.
Azərbaycanın məqsədyönlü fəaliyyəti, uğurlu diplomatik gedişləri Ermənistanın üzərində mövcud olan çətiri artıq deşib. Uğurlu xarici siyasət ermənilərin əsl simasını üzə çıxarır, onların faşist mahiyyətini ifşa edir. İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması bu ölkədə nasizmə xüsusi rəğbətin olmasından xəbər verir. Artıq dünya miqyasında da bu fakt haqqında kifayət qədər məlumat var. İndi artıq hər kəs bilir ki, Njde Qaregin faşist olub. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilir.
Azərbaycanın isə ərazi bütövlüyü bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat toplanır. İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Özlərinin dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.
Ermənistan baş nazirinin etiraf etdiyi kimi, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, demək, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola da bilməz. Müstəqilliyin ilk illərində Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi ərazi iddiası, Xocalı soyqırımı, işğal və soydaşlarımızın öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi erməni vandalizminin göstəricisidir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində törədilmiş terror hadisəsi ermənilərin əsl mahiyyətini üzə çıxartdı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. İndiki hakimiyyətin etiraf etdiyi kimi, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları da oğru olublar.
Bu gün diqqət çəkən məqam erməni qəhrəmanlarının faşist, terrorçu və cinayətkar olmasıdır. Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, xunta getdi, diktatura gəldi. O cümlədən Ermənistanda insan haqlarının kobudcasına pozulması, jurnalistlərin həbs olunması, həbsxanada aclıq edərək dünyasını dəyişməsi diqqət çəkir. Bu gün Ermənistanda konstitusiya kobudcasına pozulur, qanunsuz dəyişikliklər edilir, siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, həbs olunur, qohumlarına qarşı cinayət işləri açılır. Ölkəyə rəhbərlik edən baş nazir sanki həm hakim, həm prokuror, həm icra orqanının rəhbəri, həm də parlamentin sədridir. Bütün bunlar ondan xəbər verir ki, qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır. Təbii ki, faşist ideologiyasına hüsn-rəğbət olan yerdə diktaturanın hökm sürməsi labüddür.
Azərbaycan isə dünya birliyində müstəqil siyasət yeridən, sivil, demokratik ölkə kimi öz yerini getdikcə möhkəmləndirir. Dövlət başçımızın dediyi kimi, Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir.