Şriftin ölçüsü :

Saytın rəngi :

Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

29 iyun 2020 | 16:00

      Azərbaycan COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, İlham Əliyevin sədrliyi və təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının, bunun davamı olaraq Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşlərinin keçirilməsi yuxarıda deyilənləri bir daha sübut edir. Qeyd etmək lazımdır ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib.
     Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir. BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.
      Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin      BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
     Xüsusi sessiyanın keçirilməsi  təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.
     Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, çoxlu sayda digər ölkələr də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.
     Bütün bunlar onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

Keçidlər