Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır

29 iyun 2020 | 16:00

            Bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini günü-gündən daha da artırır. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar daha ürəkaçandır.
             Azərbaycan Ordusunun bu gün dünyanın güclü orduları sırasında yer alması təsadüfi deyil. Bu isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla, ardıcıllıqla davam etdirilməsinin nəticəsidir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə sistemli ordu quruculuğu prosesi yeni keyfiyyət mərhələsinə yüksəlib. Belə ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub, bu gün qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Bunlarla yanaşı, ordumuz ən müasir texnika və silahlarla təmin olunub. Paralel olaraq ölkəmizin hərbi sənaye kompleksi inkişaf edir. Müdafiə Sənayesi Nazirliyi xeyli adda hərbi məhsullar istehsal edir ki, bu da beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağı xeyli artırır. Beynəlxalq sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir.
Şübhəsiz ki, Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində 20-dən çox hərbi zavod yaradılıb. Bu zavodlarda çoxsaylı hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir. Eyni zamanda, Azərbaycan artıq hərbi məhsullarını ixrac etməyə başlayıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illər ərzində ən müasir texnika və silahlar alınıbdır: “Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri - bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
            Azərbaycanda hərbi məktəblərin uğurlu fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bu, sözügedən sahədə tədris prosesinin sistemli şəkildə və ardıcıllıqla davam etdirilməsinə, nəticə etibarilə, kadr potensialının inkişafına, orduda peşəkarlığın daimi olaraq artırılmasına imkan verir. Bundan başqa, Azərbaycan zabitləri NATO standartlarına uyğun olaraq hərbi təlimlərdə iştirak edirlər, kurslar keçirlər. Hərbçilərimiz istər ABŞ-da, istər Türkiyədə, istərsə də, Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər.
            Bütövlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir.
Xalqımız Azərbaycan Ordusuna vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Hələ 2016-cı ildə Azərbaycan Ordusu döyüş meydanında öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirib. Başqa sözlə, Aprel döyüşləri və Naxçıvan əməliyyatı Azərbaycanın işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirib.
Qeyd etmək lazımdır ki, Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan işğal faktı, mövcud vəziyyətlə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir. 2016-cı il aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
           Eyni zamanda, Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun gücünü, hərbçilərimizin rəşadət və cəsarətini düşmənə əyani surətdə nümayiş etdirdi. Bəhs olunan döyüşlər erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Bir daha bəlli olduğu ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatların qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır. 
            Azərbaycan həm Aprel döyüşləri, həm də Günnüt zəfəri çərçivəsində əldə etdiyi şanlı qələbə ilə, eləcə də diplomatik müstəvidə qazandığı üstünlüklə həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz! Ermənistan işğalçı siyasətə son qoymalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, fundamental hüquqları pozulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımız öz doğma yurdlarına qayıtmalıdırlar. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır”.
              Bunlarla yanaşı, möhtəşəm hərbi paradlar və təlimlər də Azərbaycan Silahlı Qüvvələrinin potensialını, gücünü əyani surətdə göstərir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Ordusunun istənilən vəzifəni icra etməyə qadir olduğu, silahlı qüvvələrimizin qüdrəti bütün dünyaya aşkar şəkildə nümayiş etdirildi.
             Digər tərəfdən, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında hərbi təlimlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, Türkiyə, Gürcüstan kimi ölkələrin silahlı qüvvələri ilə birgə keçirilən təlimlər ayrıca qeyd edilməlidir. Birgə təlimlərin keçirilməsi, qərargahların fəaliyyətinin uzlaşdırılması, komandirlərin birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənmələri böyük önəm kəsb edir. Bütövlükdə isə, paradlar kimi, təlimlər də ölkəmizdə güclü ordu quruculuğu prosesinin uğurla həyata keçirilməsini əks etdirən mühüm nümunələrdəndir.
             Bir sözlə, qüdrətli Azərbaycan Ordusu dövlətimizin dayağı, xalqımızın qürur mənbəyidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi: “Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik”.

 

Keçidlər