26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür
Bu il Silahlı Qüvvələrin yaranmasından 102 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
1969-cu ildə Heydər Əliyev ölkədə hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını daim diqqətdə saxlamışdır. 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olunub. Beləliklə də gənclərin hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib.
Hazırda C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşmiş, milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdir. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edilməli, könüllü batalyonlardan nizami orduya doğru addımlar atılmalı idi. Bu isə xalqın layiqli oğlu Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş tutdu. Beləliklə də ölkədə peşəkar ordu quruculuğunun əsası qoyuldu. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edildi, vahid komandanlıq yaradıldı, hərc-mərcliyə son qoyuldu və nizami ordu yaradıldı. Cəbhə bölgələrinə gedən ali baş komandan Heydər Əliyev 1994-cü ildə atəşkəsə nail oldu. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başladı.
Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu ildə Hərbi Akademiyanın yaradılması, 2001-ci ildə isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblərin Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılması ilə bağlı fərman imzaladı.
1998-ci il 22 mayda imzaladığı fərmanla isə Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan edildi. O vaxtdan xalqımız həmin günü böyük ruh yüksəkliyi ilə bayram edir.
Bu gün də qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Son illər keçirilən möhtəşəm hərbi paradlar Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirdi. Bu paradlar həm də xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi və gözəl nümunəsi idi. Çünki Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi yönündə Prezident İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".