Şriftin ölçüsü :

Saytın rəngi :

Qərb inadkarcasına susur

19 iyun 2020 | 16:00

Koronavirus pandemiyası başladığı ilk vaxtlardan hər bir ölkə bu bəlaya qarşı özünəməxsus formada mübarizə taktikası seçmişdir. Bir sıra dövlətlər ölkə iqtisadiyyatını, bəziləri isə insan amilini, onların sağlamlığının müdafiəsini əsas götürdü. Elə ölkələr də oldu ki, nə ölkə iqtisadiyyatına, nə də insan amilinə üstünlük verə bilmədi. Bunun ən bariz nümunəsi kimi işğalçı Ermənistanı göstərmək olar. Ermənistan əhalisinin sayının 3 milyondan az olmasına baxmayaraq, nə koronavirus pandemiyasına qarşı, nə də ölkə iqtisadiyyatının qorunması istiqamətində effektiv fəaliyyət göstərə bilmir. Ölkədə  koronavirus pandemiyası nəzarətdən çıxaraq, ən təhlükəli mərhələsinə qədəm qoyub. Hazırda həm virusa yoluxma halı, həm də ölüm sayı sürtələ artmaqda davam edir. Siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatmış, hökumət tamamilə iflic vəziyyətinə düşmüşdür.
    İşğalçı ölkənin hakimiyyəti böhrandan çıxış yolu tapa bilmir. Pandemiya isə Ermənistanda mövcud olan bir çox problemləri daha da ağırlaşdırmışdır. Ölkədə təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır, siyasi repressiyalar həyata keçirilir. Hakimiyyətə qarşı hiddət və qəzəb doğuran təzadlı siyasi proseslər daha da genişlənir.
    Baş nazir Nikol Paşinyan bir tərəfdən ölkənin “demokratiya qala”sına çevirdiyini iddia edir, o biri tərəfdən bir-birinin ardınca öz siyasi rəqiblərini əsasız ittihamlarla həbsxanalara göndərir. İş o yerə çatıb ki, sadə insanlar Paşinyanı orta əsr müstəbidləri ilə müqayisə edirlər.  Populist çıxışları ilə tanınan Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş istifadə edir və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirir. Baş nazirin niyyəti öz hakimiyyət müddətini uzatmaq, onu qorumaqdır. Bu yolda o, hər cür qanunsuzluqlara əl atmağa hazırdır.
    N.Paşinyanın qisasçılığı hüdudsuzdur və sərhəd tanımır. Baş nazirin siyasi leksikonu da kəskin dəyişib. O, indi “qanuni oğru”ların dilində danışır. Belə ki, siyasi rəqiblərini hədələyir və onları bir-bir həbsə atır. Fakt budur ki, Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı çox sayda cinayət işləri açılmış və həmin işlər üzrə hazırda istintaq davam edir.
    Ermənistan müxalifəti Paşinyanın bəd əməlləri barədə bütün dünyaya car çəkirlər, lakin Qərb bunları gözardı edir və baş nazirə “gözün üstə qaşın var” belə demək istəmir.  Paşinyan hakimiyyətdə əbədi qalmaq mərəzinə tutulub. Buna görə də hazırda özünə rəqib olan və gələcəkdə rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməyə çalışır. Bu sifarişli həbslərin miqyası o qədər böyükdür ki, ölkə mətbuatı yalnız aramsız məhkəmə proseslərindən yazır.
İyunun 16-da “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Çarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Məlumdur ki, sifarişi N.Paşinyan verib. Son məlumata görə, Q.Çarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Onun tezliklə həbs ediləcəyi istisna olunmur. Ermənistanda uşaqdan böyüyə hər kəs bilir ki, Q.Çarukyanın “günahı” özündə cəsarət tapıb Paşinyan hakimiyyətini tənqid etməsidir. Baş nazirin siyasi hoqqabazlıqları və maliyyə fırıldaqları ilə bağlı həqiqətləri dilə gətirəndən sonra Q.Çarukyan kəskin təzyiqlərə məruz qalıb.
    N.Paşinyan bununla təkcə “Çiçəklənən Ermənistan” partiyasının sədrinə deyil, digər müxalif siyasi partiya və hərəkat rəhbərlərinə və onların funksionerlərinə  qarşı tədbirlər görür. İndi Ermənistanda baş nazirin siyasi rəqiblərinə qarşı son dərəcə qəddar və amansız olduğu çoxlarına bəllidir. Bəlli olmayan və hər kəsdə heyrət və acı təəssüf doğuran isə odur ki, Qərb inadkarcasına susur. Q.Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının susqunluğu isə heyrət doğurur.
    Beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin əsl mahiyyətini dərk etməli və bunu bütün dünyaya çatdırmalıdırlar. Eyni zamanda işğalçı Ermənistanın rəhbərləri ilə ünsiyyət qurarkən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində də artıq fərqli addımların atılması reallığından çıxış etməlidirlər. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməmək ənənələrinə son qoymalıdırlar. Münaqişənin tənzimləməsi istiqamətində vasitəçilik funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar artıq işğalçı, terrorçu hakimiyyətlə onun dilində danışmalı, təzyiqə əl atmalıdırlar. Belə olan halda, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapa bilər.

Keçidlər