İşıqlı gələcəyimizə doğru atılan uğurlu addımlar
24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.
Pandemiya elan edilən gündən bu vaxta qədər, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində enerji təchizatında heç bir problem yaranmayıb. Son 15 il ərzində təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılmış, bir çox elektrik stansiyaları inşa edilmiş və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilmişdir. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görmüş, dünya miqyasında isə ikinci yerdədir. Azərbaycan bu göstəriciyə görə dünyanın ən inkişaf etmiş ölkələrini qabaqlamışdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əməkdaşları iş başında olublar. Üstəlik bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.
Əvvəlki dövrlərdə ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı. Əksinə, ölkə üçün böyük problemlər yaratmış, elektrik enerjisinin qıtlığına görə ölkəmizdə uzunmüddətli fasilələr yaranmışdı. İstər Bakı şəhərinin, istərsə də ölkənin bütün bölgələrinin enerji təminatı tamamilə bərbad vəziyyətə düşmüşdü. Ölkə Prezidentinin göstərişi və sərəncamı ilə xarici iş adamlarının yarıtmaz fəaliyyəti geniş təhlil edildi. Bakının enerji təminatı yenə dövlətə qaytarıldı və “Azərişıq” yaradıldı. O gündən bu günə qədər dövlət bu sahəyə böyük vəsait ayıraraq ciddi dönüş yarada bildi. Bu gün Azərbaycanda enerji dayanıqlılığı tam təmin edilir.
Ölkəmizdə əhalinin faziləsiz elektrik enerjisi ilə təminatı və sənaye potensialının artımı məqsədi ilə infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərilmişdir. Cənab Prezident bölgələrə çoxsaylı səfərləri çərçivəsində bir sıra elektrik stansiyalarının, yarımstansiyaların açılışını etmiş, rayonlarda elektrik enerjisi ilə bağlı vəziyyət müsbət səviyyədə öz həllini tapmışdır. “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” “Cənub”, “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları tikilmiş, Tərtərdə, Ağcabədidə iki yarımstansiya, “Əhmədli”, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər” yarımstansiyaları istifadəyə verilmişdir. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonrakı açılışı nəzərdə tutulmuşdur.
Həyata keçirilən işlərin tərkib hissəsi kimi çox sayda mövcud yarımstansiya müasir səviyyədə yenidən qurulub. Onlardan biri də 110/35/10 kV-luq “Əhmədli” yarımstansiyasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak etmiş və görülən işlərlə yerində tanış olmuşdur.
Cənab Prezident tərəfində aparılan məqsədyönlü işlər və görülən yüksək səviyyəli tədbirlər istər pandemiya dövründə, istərsə də gələcək dövrlərdə ölkəmizin elektrik enerjisi ilə təminatını yüksək səviyyədə quracaq və işıqlı gələcəyimizə doğru atılan uğurlu addımları sürətləndirəcəkdir.