Şriftin ölçüsü :

Saytın rəngi :

Bizə sağlamlıq bəxş edən həkimlərimiz fəxrimiz və qürurumuzdur

17 iyun 2020 | 16:00

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
    Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.
    İnsanda inam hissi olmasa, həkimin müalicəsinə  şübhə yarana  bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur.  Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
   Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb.
    Cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz görülən genişmiqyaslı işlərin nəticəsidir ki, son 17 il ərzində ölkəmizdə yüzlərlə xəstəxana tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.
    Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmnunluğu yaradır.
    Səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
    Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizədə həkimlərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır. Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər. Xəstələrin sağlamlığa qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətini xüsusilə qiymətləndirməli, onlara minnətdar olmalıyıq.
    Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir.
    Dövlətimizin başçısı cənab İlham Əliyev də dəfələrlə həkimlərin bu fədakarlığını yüksək dəyərləndirib. Prezidentin iyunun 16-da imzaladığı müvafiq sərəncamlarla bir qrup səhiyyə işçisinin təltif olunması bu nəcib peşə sahiblərinə dövlətin verdiyi qiymətin növbəti ifadəsidir.
    Bütün səhiyyə işçilərini müqədəs peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara nəcib fəaliyyətlərində uğurlar arzulayırıq.

Keçidlər