Şriftin ölçüsü :

Saytın rəngi :

Qurtuluşdan yaranan əbədi müstəqillik

16 iyun 2020 | 16:00

XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu əsrdə Azərbaycan xalqı iki dəfə - 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub.
    Lakin Azərbaycanın ilk dövlət müstəqilliyini bir sıra tarixi, ictimai-siyasi səbəblər üzündən, o cümlədən dünyanın yenidən bölüşdürülməsi ilə bağlı imperialist dairələrin yürütdüyü siyasətin və bolşevik işğalının nəticəsində qoruyub saxlamaq mümkün olmamışdır. Nəticədə bütün müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan xarici və daxili düşmənlərə qarşı mübarizələrlə dolu 23 aylıq mövcudluqdan sonra öz dövlət müstəqilliyini itirmişdir.
    Azərbaycan xalqı yetmiş ildən artıq Sovet rejimi şəraitində yaşasa da, itirilmiş azadlığını qaytarmaq, dövlət müstəqilliyini bərpa etmək amalından heç vaxt dönməmişdir.
    1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu sənədlə Azərbaycan hüquqi baxımdan müstəqillik əldə etsə də, əslində xalqın mandatı olmadan hakimiyyəti ələ keçirmiş qüvvələr imperiyaya yarınmaq siyasəti yeridirdi. Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq və digər bu kimi tədbirləri həyata keçirmək əvəzinə hakimiyyətdə olan qüvvələr yalnız öz şəxsi hakimiyyətini qorumağa çalışırdı.
    1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri    Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək və vahid millət olmuş Azərbaycan parçalanmaq ərəfəsində idi.
    Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan hərbçilər Gəncədə "Hərbi birlik” yaratmışdılar. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. S.Hüseynovun dəstələri Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin - qardaş qanının tökülməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Bəlkə də  Azərbaycan öz tarixində millət və cəmiyyət olaraq heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.
    Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.
    Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı.
    Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin utancverici anı olub, gələcəkdə xatırlanası və müraciət ediləsi bir səhifə deyildi.
    Ölkə daxilində hərc-mərclik, quldurluq, korrupsiya, banditizm baş alıb gedirdi, cəzasızlıq mühiti yaranmışdı, addımbaşı insanların hüquqları tapdalanırdı. AXC iqtidarının dövləti idarəetmədə səriştəsizliyi, ciddi siyasi səhvləri, tale yüklü məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi, xalqdan ayrılması və onun etimadını tamamilə itirməsi hakimiyyəti iflic vəziyyətinə gətirdi. Ölkə idarə edilmir, hər kəs öz başının çarəsini qılmağa çalışırdı. Öz ətrafında qanunsuz silahlı hərbi birləşmələr yaratmış siyasi qruplar hakimiyyət uğrunda çəkişməni yenidən qızışdırmağa başlamışdılar. Surət Hüseynov kimi satqının başçılıq etdiyi hərbi dəstələr xalqdan dəstək görməyən AXC-Müsavat iqtidarının istefasını tələb edərək, Gəncədən Bakıya yürüş edib, yolüstü rayonlarda yerli hakimiyyəti öz əllərinə alırdılar. Digər tərəfdən Azərbaycana arxadan zərbə vuraraq, «Talış-Muğan Respublikası» elan edən Əlikram Hümbətov və onun ətrafında birləşən separatçı quldur dəstələri cənub bölgəsində ağalıq edirdilər. AXC-Müsavat iqtidarının özünü qorumaq, Surət Hüseynov və Əlikram Hümbətovun isə hakimiyyət uğrunda mübarizədə qüvvələrini səfərbər etmək məqsədi ilə Milli Ordu hissələrini cəbhə bölgəsindən çıxarmaları nəticəsində erməni təcavüzkarlarının Azərbaycanın yeni-yeni yaşayış məntəqələrini işğal etməsinə şərait yaranırdı. Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bir dövlət kimi dağılmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Ölkə ərazisi etnik parçalanma, xalqımız vətəndaş müharibəsi kimi real təhlükə qarşısında qalmışdı.
    Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, o biri tərəfdən özünün yaratdığı problemlər məngənəsindən çıxış yolu tapa bilməyən AXC-Müsavat rejimi xalqın bu haqlı tələbinin qarşısında davam gətirə bilmədi. İyunun 9-da Heydər Əliyev Bakıya gəldi, artıq ilk təzahürləri meydana çıxmış vətəndaş müharibəsi alovunu söndürmək üçün Gəncəyə getdi, böyük çətinliklər və iradi qüvvə bahasına böhranın səngidilməsinə nail oldu. 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən məhsul və şanlı günlərindən biri yaşandı. Azərbaycan Respublikası Milli Məclisinin iclasında Heydər Əlirza oğlu Əliyev Ali Sovetin sədri seçildi.
    Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. 1993-cü ilin avqustunda Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən oyuncaq «Talış-Muğan Respublikası» iddiasına xalqın iradəsi ilə silah işlədilmədən son qoyuldu.
    Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etdi. Elə bunun nəticəsidir ki, Azərbaycan dövlətçiliyinə qarşı Surət Hüseynovun başçılığı ilə 1994-cü ilin oktyabrında, onun məkrli niyyətinin davamçıları olan Cavadov qardaşlarının başçılığı ilə isə 1995-ci ilin mart ayında qaldırılan qiyamlar Prezidentin və xalqın yekdil iradəsi ilə dərhal yatırılmışdır.
    1993-cü ilin sonu - 1994-cü ilin əvvəllərində Azərbaycan ordusunun cəbhədəki uğurları, 1994-cü ilin mayında atəşkəs haqqında razılığın əldə edilməsi, həmin ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə "əsrin müqaviləsi"nin bağlanması, dövlət aparatının təkmilləşdirilməsi və Milli Ordunun qurulması, ölkədaxili vəziyyətin sabitləşməsi, dünya miqyasında Azərbaycana marağın artması və dünyanın iri dövlətlərinin Azərbaycanın haqq işini dəstəkləməyə başlaması, mahir siyasətçinin Lissabon sammitində siyasi qələbəsi, Azərbaycan Prezidentinin uğurlu xarici səfərləri bu inamı daha da qüvvətləndirir. Son dərəcə mürəkkəb və qarışıq bir şəraitdə siyasi hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici sərmayəçilər üçün isə əlverişli imkanlar açan, hərtərəfli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. Fəlakət qarşısında qalan Azərbaycan güclü ümummilli liderin əzmi və iradəsi ilə düşdüyü ağır vəziyyətdən qurtardı, qısa müddət ərzində beynəlxalq birliyin tamhüquqlu üzvlərindən birinə çevrildi. Dünya siyasətçiləri arasında öz yeri olan Azərbaycan Prezidenti böyük nüfuzu və siyasi iradəsi sayəsində rəhbəri və qurucusu olduğu dövlətə də belə bir nüfuz qazandırmağa nail oldu. Bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq, öz dövlətini qorudu, qurdu və möhkəmləndirdi. Xalq öz böyük, sınanmış liderinin sayəsində milli qurtuluşa nail oldu.
     Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır.
    Bu günə qədər Azərbaycanın qazandığı siyasi, iqtisadi, mədəni sahələrdəki bütün nailiyyətlərinin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi strategiya və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı müdrik şəxsiyyət Heydər Əliyevin ən layiqli siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Dövlət başçımızın və onunla daim birlikdə ölkəmizin tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu siyasi strategiyası nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
    Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində praqmatik düşüncəli mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda imza atıb. Bu gün xalqımız müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın ata-baba yurdlarına qayıdacağına əmindir.


 

Keçidlər