Şriftin ölçüsü :

Saytın rəngi :

12 İyun Dünya Uşaq Əməyindən İstifadəyə Qarşı Mübarizə Günüdür

12 iyun 2020 | 16:00

Tarix boyu dünyanın bütün ölkələrində uşaq əməyindən müxtəlif məqsədlər üçün istifadə edilmişdir.
   Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub və hər il iyunun 12-də qeyd edilir. Bu gününü təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda keçirilən “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.
   Beynəlxalq Əmək Təşkilatı ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Təşkilatın hədəfi-diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyi ilə mübarizə istiqamətində öz səylərini birləşdirir.
   Dünyada 9-14 yaş qrupunda 272 milyon uşaq işləyir. Uşaqlardan fəhlə kimi istifadə hallarına daha çox sənaye, kənd təsərrüfatı, dağ-mədən, kiçik ailə təsərrüfatları kimi sahələrdə tez-tez rast gəlinir.
   Zaman-zaman ümumi təhsilə başlanması, sənayeləşmə dövründə iş şərtlərində dəyişikliklər, işçi anlayışının və uşaq hüquqlarının ortaya çıxması ictimaiyyətin bu cür məsələlərə reaksiyasına səbəb olmuşdur.
   Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib. Uşaq hüquqları sahəsində BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in “İşə qəbul etmək üçün minimum yaş həddi haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya edib.
   Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri Azərbaycan qanunvericiliyində qadağan olunur. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər də əksini tapır.
   Münaqişələr və təbii fəlakətlər insanların həyatını məhv edir, ölüm, yoxsulluq və iztirab gətirir. İnsanlar elə şəraitə düşürlər ki, bu halda adi hüquq və azadlıqlarını itirmələri ilə barışmağa məcbur olurlar. Bu cür vəziyyətlərdə, ilk növbədə, milyonlarla uşaq, o cümlədən zor gücü ilə işləməyə məcbur edilən uşaqlar əziyyət çəkirlər.
    Münaqişə və təbii fəlakətlərin bürüdüyü yerlərdə uşaq əməyinə qarşı mübarizədə təcili tədbirlər görmək lazımdır. Dayanıqlı inkişafın məqsədlərindən biri 2030-cu ilədək uşaq əməyinin bütün formalarına və zorakı əməyə son qoymaqdır.


 

Keçidlər