Məqsəd əhalinin sağlamlığını qorumaqdır
Sağlamlıq insan həyatının mühüm amili hesab edilir. Ona görə də insan sağlamlığını həm də cəmiyyətin sərvəti və dövlətin gələcəyinin təminatı kimi qiymətləndirmək olar. Yalnız sağlam olan insanlar xalqının, millətinin, dövlətinin xeyrinə fəaliyyət göstərmək, qərar qəbul etmək üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər.
Vətəndaşın həyat və sağlamlığının mütləq dəyərlər olduğunu nəzərə alaraq, onun qorunması da hər bir dövlətin prioritet vəzifələrindən biri hesab olunur. Əbəs yerə deyil ki, bütün dünya dövlətlərinin siyasətində xüsusi yeri məhz təhsilin inkişafı və səhiyyənin təkmilləşdirilməsi tutur. Yəni, təhsil və səhiyyə dövlətin əsas güc strukturu və strateji istiqamətləri hesab olunur. Ümumilikdə, dövlətin mövcudluğu və gələcək uğurlu fəaliyyətinin əsası cəmiyyətin nə dərəcədə sağlam olmasından asılıdır.
Bu gün bütün dünya növbəti ağır sınaq qarşısındadır. 2019-cu ildə Çində başlayan və oradan dünya ölkələrinə yayılan, ÜST tərəfindən pandemiya elan edilən yeni növ koronavirus milyonlarla insanı öz əsarətinə almaqda davam edir. Bir çox inkişaf etmiş ölkələr belə epidemiya ilə mübarizədə aciz qalaraq yoluxmanın qarşısını ala bilmir.
Digər dövlətlərlə müqayisədə ölkəmizdə COVID-19 yeni növ koronavirus xəstəliyinə qarşı mübarizənin ilkin mərhələsində məqsədyönlü profilaktik addımlar atıldı. Dünyanı bürüyən ağır xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısı qətiyyətlə alındı.
Çox sevindirici haldır ki, cəmiyyətimizin bütün təbəqələrindən olan vətəndaşlar, hüquqi və fiziki şəxslər, sahibkarlar ölkə üçün hazırkı çətin sınaq dövründə həmrəylik nümayiş etdirərək dövlətimizin yürütdüyü siyasət ətrafında birləşdi. Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikir “Biz birlikdə güclüyük!” hər bir azərbaycan vətəndaşı üçün şüara çevrildi.
Azərbaycan xalqının sağlamlığı baxımdan yeni növ koronavirus epidemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə yeni modul tipli xəstəxana komplekslərinin yaradılması çox əhəmiyyətlidir. Qeyd edək ki, Modul tipli birinci xəstəxana mayın 7-də açılmışdır. Hazırda bu xəstəxanaların sayı dördə çatdırılmış və xəstəxanaların sayının 10-a çatdırılması nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir.
Ölkə Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə iyunun 9-da üç modul tipli xəstəxananın açılışı olmuşdur. Paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana komplekslərinin açılışı koronavirusla bağlı mübarizədə imkanları daha da genişləndirəcək.
Xalqımız bir daha əmin oldu ki, Prezidenti və dövləti hər zaman onun yanındadır. Biz birlikdə virusla savaşda qalib gələcəyik.