Zəruri və təxirəsalınmaz tədbirlərin müsbət nəticələri
Azərbaycanda 2019-cu ilin əvvəlindən start verilən genişmiqyaslı islahat proqramı ölkəmizdə fəaliyyət göstərən bütün sektorları əhatə edir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz işlədiyi sahədə müsbətə doğru ciddi dəyişikliklərin, maliyyə şəffaflığının, əhəmiyyətli maaş artımlarının, kadr islahatlarının təsirini hiss edir.
Ölkəmizdə həyata keçirilən islahatların nəticəsində iqtisadi sahədə də gəlirlərin tam şəffaflaşması istiqamətində bir çox yeniliklər müşahidə olunmaqdadır. Məsələn, ölkə başçısının kadr və struktur islahatları fonunda “kölgə” iqtisadiyyatının miqyası əhəmiyyətli dərəcədə kiçilib və ciddi rəqabət mühiti formalaşıb.
Müşahidələr göstərir ki, ciddi nəzarət tədbirləri və dövlətin həyata keçirdiyi təşviqyönlü mexanizmlər iqtisadi sahələrdə ciddi şəffaflığın yaranmasına şərait yaradıb. Ölkəmizdə rüşvətxorluğun, korrupsiyanın, maliyyə saxtakarlıqlarının, vergidən yayınma hallarının və mənimsəmə faktlarının ifşası yönündə həyata keçirilən ciddi hüquqi tədbirlər, özəl şirkətlərin və digər biznes strukturlarının şəffaflaşma yolunu seçməsinə səbəb olub.
Şəffaflaşma prosesinin dövlətin gəlirlərinə və iqtisadiyyatımızın artım dinamikasına müsbət təsirini statistik rəqəmlərdən də aydın görmək olar. Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələyib.
Xarici gəlirlərimizin ötən dövrə nisbətən azaldığı, neftin qiymətinin kəskin ucuzlaşdığı və yeni növ koronavirusun dünyada iqtisadi təlatümlər yaratdığı bir dövrdə Azərbaycanda maliyyə sabitliyinin müşahidə olunması, əlbəttə ki, maliyyə sahəsində tətbiq olunan ciddi şəffaflaşma standartları ilə bilavasitə əlaqəlidir. Azalan xarici gəlir, ölkəmizdə pandemiya dövründən xeyli əvvəl start verilən şəffaflaşma prosesi nəticəsində dövlət büdcəsinə transfer edilən maliyyə gəlirləri ilə kompensasiya olundu.
İş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılması da pandemiya dövründə əsas diqqət yetirilən məsələlərdəndir. Bu istiqamətlər Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planında da öz əksini tapıb.
Azərbaycan dövləti pandemiya dövründə də öz vətəndaşını tək qoymadı, onun həm sağlamlığını qorudu, həm də ciddi maddi çətinliklər yaşamasına imkan vermədi.
Dövlətin biznesdən və əhalidən gözləntisi - fəaliyyətin tam şəffaflaşdırılmasıdır. Pademiya dövrü göstərdi ki, qanunvericiliyin tələblərinə əməl edən hər bir sahibkarın, biznes sektorunun fəlaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilir və onlar dövlətin güzəştlərindən maksimum yararlanmaq imkanı əldə edirlər.
Ümid edək ki, pandemiya dövründə dövlətin köməyindən məhrum olan hər bir sahibkar, xidmət sektoru, fərdi sahibkarlıqla məşqul olan şəxslər post-pandemiya dövründə işlərini düzgün quracaq, tam şəffaf fəaliyyət nümunələrinə üstünlük verəcəklər.