Şriftin ölçüsü :

Saytın rəngi :

Şəffaf fəaliyyət iqtisadi inkişafın vacib amalı olmalıdır

21 may 2020 | 16:00

Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib.
    Dövlət hər zaman olduğu kimi, bu dəfə də ən çətin məqamda vətəndaşını darda qoymayaraq müxtəlif birdəfəlik yardımlar, eləcə də sahibkarlıq subyektlərinin dəstək proqramları ilə pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri olduğunu sübut etdi.
    Son illər ölkəmizdə iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.  Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir.
    Rayon əhalisinin kompakt yaşadığı Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbələrində və Cocuq Mərcanlı kəndində əmək qabiliyyətli işsiz əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə rayona 2019-cu ilin ikinci yarısında 23 nəfər, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan karantin rejimi dövründə isə 2 ay müddətinə haqqı ödənilən əlavə 35 iş yeri ayrılmışdır. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq işsiz və aztəminatlı vətəndaşlar üçün həyata keçirilən güclü sosial müdafiə tədbirlərinə uyğun olaraq rayonda həmin ictimai işlərə imkansız və işsiz vətəndaşların seçilərək cəlb olunması təmin edilmiş, onların əmək haqqı kartları öz sahiblərinə çatdırılmışdır.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparılmışdır.
Şəffaf  fəaliyyət  iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etmişdir. Muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 milyard manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
    Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum olmuş, dövlətlə əməkdaşlıq imkanlarını itirmiş və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qalmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi təmin edilmiş və hazırda bu istiqamətdə işlər şəffaf şəkildə davam etdirilir.
    Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalmışdır.
    Cəbrayıl rayonundan olan köçkün soydaşlarımız da dövlətimizin bu istiqamətli humanist addımından yararlanmışlar. Belə ki, Dövlət Sosial Müdafiə Fondu Cəbrayıl rayon şöbəsinin xidmətində olan 8147 nəfər əmək pensiyaçısı və 5993 nəfər sosial müavinət və təqaüd alanlar pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi dövründə pensiya və müavinətlərini  vaxtında almış, 2020-ci ilin mart, aprel və may aylarında əlillik müddəti bitmiş Sağlamlıq İmkanları Məhdud  18 yaşadək 169 uşağın əlillik müddəti uzadılmış və həmçinin xəstə uşaqlara xidmət edən analara xidmət haqqı olaraq verilən müavinətin müddəti də buna uyğun olaraq artırılmışdır. Ərazisi işğal altında olan rayonların sakinlərindən köçkün statusu olmayanlar da  iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətdən yararlanmışdır. Lakin, məcburi köçkün statusuna malik olan soydaşlarımız ailə üzvlərinin hər biri 60 manat vahid aylıq müavinət aldığından onlara bu təyinat üzrə müavinət nəzərdə tutulmamışdır.
    Koronavirus dövrünün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməlidir. Şəffaflıq sahibkarın və vətəndaşın gələcəkdə baş verə bilən bütün gözlənilməz təsirlərə hazırlıqlı olmasını təmin edir. Bu üstünlüyü görməyi bacaranlar dövlət başçısı ilə həmrəylik nümayiş etdirdi.
    Koronavirus təcrübəsi belə bir həmrəyliyin olduqca vacib olduğunu bir daha təsdiq etdi. 
    Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük verilməli, bu birlik post-koronavirus dövründə də davam etdirilməlidir.

 

Keçidlər