Könüllülük fəaliyyəti mənim üçün uğurlu bir addım oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, ölkəmizdə “Könüllülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirilir.
Son illərdə ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, “Dost” könüllüləri və digər könüllü hərəkatları yaranaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gəncin birləşdiyi könüllü qrupları ölkəmizin inkişafı üçün öz töhfələrini verirlər.
Əksər hallarda könüllük fəaliyyəti hər bir şəxsin uğurlu fəaliyyətinin başlanğıcı, həyatında səmərəli dönüş nöqtəsi olur. Mən də bir gənc olaraq könüllülük fəaliyyətinə Cəbrayıl Rayon İcra Hakimiyyətinin tərkibində başlayaraq rayonumuzda bütün ictimai-siyasi proseslərdə aktiv iştirak edərək həm öz inkişafıma nail oldum, həm də gələcək fəaliyyətimdə komanda şəklində çalışmaq, üzərimə düşən işlərin öhdəsindən gələ bilmə bacarıqlarına yiyələndim. İki ay ərzində müxtəlif şöbələrdə iş prinsipi ilə tanış olmaq, peşə vərdişləri və nəzəri biliklərə yiyələnmək, kollektivə uyğunlaşmaq baxımından bu təcrübənin mənə çox böyük təsiri oldu. Könüllü kimi fəaliyyətimi başa vurduqdan sonra mənə böyük etimad göstərildi və “Azərxalça” ASC-nin Cəbrayıl rayon filialında nəzarətçi-hesabdar vəzifəsinə təyin olundum. Əlbəttə, bu mənim üçün çox sevindirici bir hal oldu. Mənim kimi könüllülük fəaliyyətinə başlayan əksər gənclər hazırda dövlət qurumlarında və ictimai təşkilatlarda müxtəlif vəzifələrdə çalışırlar. Bu fakt isə könüllü fəaliyyətin nə dərəcədə uğurlu olmasını bir daha təsdiq edir.
Mən bir gənc kimi cənab Prezident İlham Əliyevə Cəbrayıl gəncləri adından bizə göstərilən diqqət və dəstəyə görə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Camalzadə Eltun Rövşən oğlu
Cəbrayıl Rayon İcra Hakimiyyətinin könüllüsü