Qanun qarşısında hamı bərabərdir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, atılan addımlar Azərbaycan xalqı tərəfindən müsbət qarşılanır, yüksək qiymətləndirilir. Sadə vətəndaşlar ölkə başçısının ətrafında sıx birləşərək, Prezident İlham Əliyevin çağırışlarına dəstək olur, təşəbbüslərinə qoşulur, həmrəylik nümayiş etdirirlər.
Bu günlərdə əsl lider-xalq birliyinin təcəssümü ilə bərabər, ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlərə yol verənlərin, insan sifətli virusların ifşasnın şahidi də olduq. Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan "məmur"ların aşkarlanması təəssüf doğursa da, cəmiyyətin çirkabdan təmizlənməsinə, saflaşmasına xidmət edir.
Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq-sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş bir sıra yüksək vəzifəli dövlət məmurlarının düşdüyü vəziyyətdən, onların aqibətlərindən nəticə çıxarmayanlar da oldu.
COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi belə bir həssas məqamda xalqın və dövlətin maraqlarını qorumaq yerinə, öz mənafeyi üçün çalışanlar sözsüz ki, cəzasız qala bilməzdilər. Çünki ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.
Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması isə davam edir.
Köhnə təfəkkürə malik, öz tamahını cilovlaya bilməyən, fəaliyyətində dönüş yaratmağı bacarmayan "məmur"lara qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Bunu Prezident İlham Əliyevin: "Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir", - fikirləri bir daha təsdiqləyir.